CƏMİYYƏT
Müstəqil Azərbaycanın qarantı olan şəxsiyyət
Bakı, 12 dekabr, AZƏRTAC
“Qafqaz Media” İctimai Birliyinin ofisində ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə ziyalılar, ictimai xadimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət edib, əziz xatirəsinə dərin ehtiramlarını bildirib, məzarı önünə tər qərənfillər düzüblər. Həmçinin oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət edilib, xatirəsi ehtiramla anılıb.
Sonra İctimai Birliyin ofisində davam edən tədbirdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dahi şəxsiyyətin həyat və fəaliyyətini özündə əks etdirən slayt nümayiş etdirilib.
İctimai Birliyin sədri Azadə Hüseynova ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin tarixindəki rolundan danışıb. Bildirib ki, Ulu Öndərin apardığı müdrik və qətiyyətli siyasət nəticəsində ölkəmizdə qısa vaxtda siyasi sabitlik yaranıb, müstəqilliyimizin başı üzərini almış təhlükə sovuşub, müstəqilliyimizin əbədiliyi, sarsılmazlığı təmin edilib. Natiq bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilib.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin professoru Knyaz Aslan, şair-publisist Zərəngiz Dəmirçi Qayalı, Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Müşfiq Borçalı və başqaları ümummilli lider Heydər Əliyevin həm də dünya şöhrətli siyasətçi olmasından söz açıblar. Bildiriblər ki, Azərbaycana rəhbərlik etdiyi dövrdə Ulu Öndər var qüvvəsini və bacarığını ölkənin yüksəlişinə həsr edərək, nəhəng quruculuq işlərinin təşəbbüskarı olub. Onun zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində ölkədə vətəndaş müharibəsi dayandırılıb və atəşkəsə nail olunub. Qısa bir zamanda Ulu Öndərin bilavasitə rəhbərliyi altında respublikamızda ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş təmin edilib.
Qeyd edilib ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət nəticəsində bu gün ölkəmizdə bütün sahələrdə dinamik inkişafa nail olunub.