SİYASƏT


Müstəqillik Günü münasibətilə İstanbulda təntənəli mərasim keçirilib VİDEO

İstanbul, 28 may, AZƏRTAC

28 May – Müstəqillik Günü münasibətilə İstanbulda təntənəli mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən təşkil olunan mərasimdə baş konsul Nərminə Mustafayeva, İstanbulda müalicəsi davam edən Vətən müharibəsi qaziləri, İstanbul Valiliyi və qardaş ölkənin digər dövlət qurumlarının rəsmiləri, burada fəaliyyət göstərən azərbaycanlı incəsənət və ictimaiyyət xadimləri, diplomatlar, Azərbaycanın dövlət təşkilatlarının qardaş ölkədəki nümayəndələri, təhsillərini Türkiyədə davam etdirən hərbçilərimiz və digərləri iştirak ediblər.

Tədbirin rəsmi hissəsində çıxış edən baş konsul Nərminə Mustafayeva bu günün Azərbaycan tarixində xüsusi yeri olduğunu deyib.

Qeyd edilib ki, bu gün yalnız Azərbaycan deyil, bütün bölgə üçün şanlı tarixdir. Qısa bir dövrü əhatə etməsinə baxmayaraq 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin öz müstəqilliyini elan etməsi ilə Türk və İslam dünyasında ilk demokratik respublikanın qurulması, eyni zamanda Azərbaycan xalqının tarixində dönüş nöqtəsi oldu. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ölkənin milli ordusu və bir sıra digər dövlət qurumları yaradıldı, şanlı Azərbaycan bayrağı və dövlət himni təsdiq edildi. Bu tarixin bizə qoyduğu ən böyük miras isə dili, dini, irqindən asılı olmayaraq hər bir vətəndaşa dəyər verməyimizdir.

Azərbaycanın öz müstəqilliyini 1991-ci ildə bərpa etdiyini xatırladan Baş konsul bunun heç də asan olmadığını deyib.

Bildirilib ki, ümummilli lider Heydər Əliyev indiki güclü-qüdrətli Azərbaycanın təməlini qoydu. Hazırda onun başlatdığı bu yolu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan xalqına verdiyi ən böyük töhfələrdən biri isə tarixi Qarabağ torpağımızın bizə qaytarılmasıdır. İndi biz uğurlu, güclü Azərbaycanın vətəndaşları olmağın qürurunu yaşayırıq. Keçdiyimiz bütün bu yollarda isə qardaş Türkiyə daim yanımızda oldu.

Digər çıxış edənlər də Azərbaycanın keçdiyi müstəqillik yolundan danışıb, 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunan Zəfərin bütün türk dünyasının qələbəsi olduğunu qeyd ediblər.

Bədii hissə ilə davam edən tədbirdə Azərbaycanın milli musiqiləri və rəqsləri səsləndirilib, qonaqlara milli mətbəximizin nümunələri təqdim olunub.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.