REGİONLAR
Muxtar respublika yazıçıları ilə şagirdlərin görüşü keçirilib
Naxçıvan, 23 aprel, AZƏRTAC
2018-2019-cu tədris ilindən başlayaraq aprel ayında muxtar respublikanın ümumtəhsil məktəblərində keçirilən “Mütaliə aylığı” çərçivəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən muxtar respublika yazıçıları ilə şagirdlərin görüşü təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən təhsil naziri Rəhman Məmmədov muxtar respublikada kitabxana şəbəkələrinin, kitab fondunun daim zənginləşdirildiyini bildirib. Bunun nəticəsidir ki, məktəb kitabxanalarının maddi bazası yaxşılaşdırılıb, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyat ümumtəhsil məktəblərinə verilib.
Qeyd edilib ki, şagirdlərin formalaşmasında, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliənin rolu nəzərə alınaraq, artıq üçüncü ildir Təhsil Nazirliyi tərəfindən aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilir. Muxtar respublikanın yazıçıları ilə görüş də “Mütaliə aylığı” çərçivəsində keçirilən silsilə tədbirlərin davamıdır. Təhsil müəssisələrində yazıçı və şairlərlə görüşlərin, onların əsərlərinin müzakirələrinin keçirilməsi şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılmasında, onlarda yaradıcılığa marağın artırılmasında mühüm rol oynayır.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev çıxış edərək muxtar respublikada elmə, ədəbiyyata verilən dəyərdən danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri muxtar respublikanın şair və yazıçılarının əsərlərinin nəşr olunmasına böyük dəstək verir. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin 10-a yaxını gənc olmaqla, 70 üzvü vardır ki, onlardan da bir neçəsi fəxri ada və Prezident mükafatına layiq görülüb.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvləri – Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru, şair-dramaturq Həsənəli Eyvazlı, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas Xanəli Kərimli, şair-publisist Muxtar Qasımzadə, şair Zeyqəm Vüqar, filologiya üzrə fəlsəfə doktoru, şair Elxan Yurdoğlu və “Nuh yurdu” qəzetinin redaktoru, şair Qafar Qərib muxtar respublikada yazıçı və şairlərə göstərilən dövlət qayğısından danışıb, öz əsərlərindən Naxçıvanın dünəni və bu günü ilə bağlı seçmələri təqdim ediblər.
Yaradıcı məktəbli - anaya, Vətənə, torpağa bağlılıq hissləri ilə şeirlər yazan Şərur rayon Aralıq kənd tam orta məktəbinin VIII sinif şagirdi Sabrina Mədətova isə yaxşı təhsil alması üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib.
Tədbirin sonunda Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvləri tədbirdə iştirak edən şagirdlərə kitablarını hədiyyə ediblər.