REGİONLAR
Muxtar respublikada 223 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb
Naxçıvan, 27 iyul, AZƏRTAC
Bu ilin yaz əkin mövsümündə muxtar respublikanın şəhər, qəsəbə və kəndlərində, ümumilikdə, kənd təsərrüfatı əkinləri üçün yararsız olan 223 hektar sahədə meşəsalma, meşəbərpa işləri aparılıb, 15 hektar üzüm, 4 hektar badam bağı olmaqla, 90 hektar sahədə meyvə bağı, 133 hektar sahədə meşə massivi, yaşıllıq zolaqları salınıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında qarşıya qoyulan vəzifələrin müzakirəsi ilə bağlı keçirilən tədbirdə səsləndirilib.
Muxtar respublikanın ekologiya və təbii sərvətlər naziri Mayis Əliyev bildirib ki, yaşıllaşdırma tədbirlərində 222 mindən artıq meşə və meyvə tingləri, həmişəyaşıl ağaclar, bəzək və gül kolları əkilib. Əkin işlərinin aparılmasında istifadə edilən ting ehtiyatı muxtar respublikanın torpaq-iqlim xüsusiyyətlərinə uyğunlaşdırılmış meşə, meyvə, həmişəyaşıl tinglər, bəzək və gül kolları hesabına təmin edilib.
Yaz əkini mövsümündə, ümumilikdə, 155,1 hektar olmaqla, 37 hektar sahədə yaşıllıq zolaqları, meyvə bağları salınıb, 118,1 hektar sahədə ting və toxumla bərpa işləri görülüb. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq 27 hektar sahədə yeni meyvə bağı, 10 hektar sahədə üzüm bağı salınıb, 45 min 700 müxtəlif meyvə tingi əkilib.
Vurğulanıb ki, 2018-ci ildə Naxçıvanın ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar olaraq Naxçıvan şəhərində və ayrı-ayrı rayonların ərazisində gənclərin iştirakı ilə 7 hektar sahədə “Gənclər bağı” salınıb. Qoruq, milli park və yasaqlıq ərazilərində meşəsalma, meşəbərpa və yeni meyvə bağlarının salınması sahəsində də işlər görülüb.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.