REGİONLAR


Muxtar respublikada həyata keçirilən ekoloji tədbirlər sağlam ətraf mühitə xidmət edir

Naxçıvan, 18 noyabr, AZƏRTAC

Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması, əlverişli ekoloji mühitin yaradılması, insanların sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi məqsədilə uğurlu sosial-ekoloji siyasət uğurla davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən ay ətraf mühitin mühafizəsi, qanunsuz ov edilməsi və meşə fondu torpaqlarından istifadə məqsədilə 8 yoxlama-reyd keçirilib, 2 inzibati xəta qeydə alınıb və qanunauyğun tədbirlər görülüb. Muxtar respublikanın təbiətinin qorunması üçün inzibati tədbirlərdən daha çox ekoloji-hüquqi maarifləndirmə tədbirlərinə üstünlük verilir. Bu məqsədlə Şərur rayonunun Mahmudkənd, Babək rayonunun Kültəpə və ətraf kəndlərin nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilib, ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması, çay vadilərinin, suların qorunması və ailə təsərrüfatlarının inkişaf etdirilməsində yabanı meyvə, dərman bitkilərindən səmərəli istifadə yolları haqqında müzakirələr aparılıb.

Ekoloji monitorinqlər də davam etdirilib. Ötən ay bu məqsədlə Şərur, Sədərək, Ordubad, Babək, Şahbuz, Kəngərli və Culfa rayonlarının 27-dən çox yaşayış məntəqəsi ərazisində monitorinqlər aparılıb, qarşıya çıxan bir sıra çatışmazlıqlar aradan qaldırılıb.

Araz və Arpaçay çaylarının muxtar respublikaya daxil olan hissəsindən və Sədərək rayonu ərazisindən keçən Şir arxından hər birindən 4 su nümunəsi olmaqla, ümumilikdə, 12 su nümunəsi götürülüb və Sədərək Rayon Su Monitorinq Laboratoriyasında 110 analiz aparılıb. Analizlərin nəticəsində sularda çirklənmə hallarının yol verilə bilən qatılıq həddini keçməsi halı qeydə alınmayıb.

Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması sahəsində mühüm amil olan yaşıllıqların, meşələrin qorunması və artırılması diqqətdə saxlanılıb. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı” və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın müvafiq bəndlərinə uyğun olaraq payız aylarında yeni yaşıllıqların salınması ilə bağlı ərazilərə baxış keçirilib, kənd təsərrüfatı əkinləri üçün yararsız olan sahələrdə meyvə bağlarının salınması, eroziya və şoranlaşmaya məruz qalmış torpaqların müəyyənləşdirilərək əkin dövriyyəsinə qaytarılması məqsədilə sxem-planlar hazırlanıb.

Payız aylarında yeni yaşıllıqların salınması ilə bağlı müxtəlif ərazilərdə, ümumilikdə, 8 hektarda torpaq hazırlığı işləri aparılıb. Ötən illərdə salınmış meyvə bağlarında bərpa əkini üçün çalalar qazılıb. Naxçıvan Sement Zavodunun ətrafında salınmış püstə bağında 35 hektar sahədə cərgələrarası kultivasiya olunub, sahənin otu biçilib, tinglərə aqrotexniki qaydada qulluq göstərilib, ərazinin bir hissəsində yeni damcılı suvarma sisteminin quraşdırılması müntəzəm şəkildə həyata keçirilib.

Yaşıllaşdırma tədbirləri də davam etdirilib, oktyabr ayında Əshabi-Kəhf ziyarətgahına gedən yolun sağ və sol kənarlarında 1,5 hektar ərazidə 366 badam və 315 tut tingi ilə bərpa aparılıb, Ağbulaq Kənd-Turizm İstirahət Bölgəsinin ətrafında 12, Badamlı Mineral Sular Zavodunun ətrafında 7, Şahbuz Dövlət Təbiət Qoruğu ərazisində 1, Ordubad Milli Parkının Parağaçay ərazisində 3, Arpaçay Dövlət Təbiət Yasaqlığı ərazisində 2 olmaqla, ümumilikdə, 25 hektar sahədə həmərsin, badamça, yemişan, alça toxumları əkilib.

İlin əvvəlindən təsdiq edilmiş toxum bölgüsünə əsasən hesabat ayında 280 kiloqram müxtəlif meyvə və meşə cinslərinin toxumları tədarük olunub. Toxum tədarükü mövsümə uyğun olaraq davam etdirilir.

Qış mövsümündə fauna ehtiyatlarının qaba yemə və daşduza olan tələbatının ödənilməsi məqsədilə, ümumilikdə, 500 kipə yaxın qaba yem, 8 tondan artıq daşduz ehtiyatı yaradılıb. Toplanmış qaba yem və daşduzun sahələrə daşınması və zəruri olan yerlərə yığılması davam etdirilir.

Muxtar respublika ərazisində meteoroloji şəraitin öyrənilməsi, hava haqqında dəqiq məlumatların, proqnozların hazırlanması, əlaqədar dövlət orqanlarının və ictimaiyyətin hidrometeoroloji məlumatlarla təmin edilməsi üçün zəruri tədbirlər ay ərzində davam etdirilib.

Oktyabr ayında Şahbuz rayonunun Batabat yaylağında məskunlaşmış fermerlərlə fərdi maarifləndirici görüşlər keçirilib və yaylaqdan istifadə qaydaları, məişət tullantılarının idarə olunması haqqında söhbətlər aparılıb.

Təbii sərvətlərdən istifadəyə, çirkləndirici maddələrin ətraf mühitə atılması və axıdılmasına nəzarət həyata keçirilir. Ətraf mühitin qorunmasına xidmət edən ekoloji tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.