REGİONLAR
Muxtar respublikada ilin birinci yarısında 193,2 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib
Naxçıvan, 12 avqust, AZƏRTAC
Bu ilin ilk altı ayı ərzində muxtar respublikadakı elektrik stansiyalarında 193,2 milyon kilovat-saat elektrik enerjisi istehsal edilərək sistemə ötürülüb. Bu, enerjinin 99,4 milyon kilovat-saatı və ya 51,5 faizi su elektrik stansiyalarında, 74,1 milyon kilovat-saatı və ya 38,30 faizi istilik elektrik stansiyalarında, 19,7 milyon kilovat-saatı və ya 10,2 faizi Günəş Elektrik Stansiyasında istehsal olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2020-ci ilin altı ayı ərzində alternativ və bərpa olunan enerji mənbələrində 119,1 milyon kilovat-saat elektrik enerjisi istehsal edilərək sistemə ötürülüb. Bu, sistemə ötürülən ümumi enerjinin 61,66 faizini təşkil edir.
Qeyd edək ki, hazırda muxtar respublikada yeni elektrik stansiyalarının tikintisi davam etdirilir, Ordubad rayonu ərazisində Araz çayı üzərində derivasiyatipli 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasında tikinti işləri davam etdirilir, gücü 15,6 meqavat olacaq Tivi Su Elektrik Stansiyasında tikinti işlərinə başlanılıb.
Naxçıvan, Babək və Şərur şəhərlərində əhali abonentlərinin ev və mənzillərində ön ödənişli smartkarttipli sayğacların qoyulması işləri də aparılır. Hazırda bu tip sayğacların sayı 25 min 578 ədəd olub. Naxçıvan Muxtar Respublikası üzrə quraşdırılan bütün növ elektrik sayğaclarının sayı cari il iyulun 1-dək 94 min 491 ədəd təşkil edib. Həmçinin ilin birinci yarısında Naxçıvan Dövlət Universitetinin Elektroenergetika mühəndisi ixtisasını bitirən 5 məzun Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin müxtəlif struktur bölmələrində daimi işlə, 14 nəfər 3-cü kurs tələbəsi isə praktik təcrübə məşğələləri çərçivəsində 2 aylıq müvəqqəti işlə təmin olunublar.