REGİONLAR
Muxtar respublikada keçirilən əmək yarmarkalarında işaxtaranlara 1691 boş iş yeri təqdim edilib
Naxçıvan, 21 aprel, AZƏRTAC
Naxçıvan şəhərində keçirilən əmək yarmarkasında işaxtaranlara 49-u dövlət, 37-si özəl sektor olmaqla, ümumilikdə, 86 müəssisədən 674 boş iş yeri təqdim edilib.
Muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əmək yarmarkasında 45 nəfərin vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 8 nəfərin peşə hazırlığı kurslarına və 14 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.
Qeyd edək ki, aprel ayı ərzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən muxtar respublikanın şəhər və rayonlarında keçirilən əmək yarmarkalarına, ümumilikdə, 113 dövlət və 140 özəl müəssisəsindən 1691 boş iş yeri çıxarılıb. 214 işaxtaran vətəndaşa göndəriş verilib. Həmçinin təşkil olunmuş yarmarkalarda iştirak edən 46 vətəndaşın peşə hazırlığı kurslarına, 94 vətəndaşın özünüməşğulluq proqramına və 17 işaxtaran vətəndaşın isə haqqı ödənilən ictimai işlərə cəlb olunması üçün qeydiyyatı aparılıb.