REGİONLAR
Muxtar respublikada özünüməşğulluq proqramı uğurla icra olunur
Naxçıvan, 11 noyabr, AZƏRTAC
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial müdafiəsinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq tədbirlərin icrası davam etdirilir.
Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırığı ilə həyata keçirilməsinə başlanılan özünüməşğulluq proqramının icrası ilə əlaqədar ötən ay muxtar respublika üzrə, ümumilikdə, 29 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib. Onlardan 12 nəfərin hər birinə iki baş iribuynuzlu, 8 nəfərin hər birinə 20 baş xırdabuynuzlu mal-qara, birinə ev quşları və quş yemi, 4 nəfərə mini yerşumlayan aqreqat, 2 nəfərə dərzi avadanlığı və ləvazimatları, 1 nəfərə döşəmə hamarlayan dəzgah, 1 nəfərə isə unlu və qənnadı məmulatların hazırlanması üçün avadanlıq və ləvazimatlar verilib. Proqrama cəlb olunan şəxslərdən ikisi gəncdir.
Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada aztəminatlı ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası aztəminatlı ailələrin, cəzaçəkmə müəssisələrindən azad edilmiş, habelə sağlamlıq imkanları məhdud şəxslərin özünüməşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələrin icrasına əlverişli zəmin yaradıb. Özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir edib.
Nicat Babayev sosial qayğıya ehtiyacı olan şəxslər adından göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirib.
Daha sonra çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin direktoru Vüsal Süleymanlı və Şahbuz Rayon Məşğulluq Mərkəzinin direktoru Fəxrəddin Bağırov proqramın icrası ilə bağlı görülmüş işlərdən, əldə edilmiş nəticələrdən danışıblar.
Tədbir proqrama cəlb edilmiş sakinlərə verilən aktivlərlə bağlı sənədlərin təqdim edilməsi ilə başa çatıb.
Qeyd edək ki, verilmiş aktivlərdən səmərəli şəkildə istifadə olunmasının stimullaşdırılması məqsədilə ötən dövr ərzində təsərrüfatlarını nümunəvi qaydada inkişaf etdirən Şərur rayon Yuxarı Aralıq kənd sakini Gülnarə Məmmədova və Ordubad rayon Qoşadizə kənd sakini Mahir Səttarova südsağan aqreqatlar, Ordubad rayonu Aza kənd sakini Sahibə Heydərovaya isə otdoğrayan aqreqat verilib.
Nazirlik tərəfindən bu cür həvəsləndirici tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.