REGİONLAR
Muxtar respublikada poçt sistemi müasir tələblər səviyyəsində qurulub
Naxçıvan, 9 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının poçt-rabitə sistemi də özünəməxsus inkişaf yolu keçib. Ötən illər ərzində Naxçıvanda poçt xidmətlərinin keyfiyyəti mərhələ-mərhələ yüksəldilib, bu sahənin texniki imkanları genişləndirilib. Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində poçt müəssisələri bütün növ xidmətlərin təşkili üçün müasir texnologiyalarla təmin edilib, xidmətin səviyyəsi yüksəldilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvanpoçt Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” 2013-cü il 30 iyul tarixli Sərəncamı isə bu sahədə görüləcək işlərin miqyasını daha da genişləndirib.
Muxtar respublika ərazisində 1 mərkəzi poçt, 7 rayon filialı və 172 poçt bölməsi fəaliyyət göstərir
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublikada son illər rabitə sahəsində əldə edilən sürətli inkişaf, fiber-optik xətlərinin çəkilməsi, yüksəksürətli kompüter şəbəkələrinin yaradılması, poçt sahəsində də xidmətlərin müasir tələblərə uyğun qurulmasına şərait yaradıb. Hazırda muxtar respublika ərazisində 1 mərkəzi poçt, 7 rayon filialı və 172 poçt bölməsi fəaliyyət göstərir. 2013-cü ildə “Naxçıvanpoçt”un muxtar respublikanı əhatə edən telekommunikasiya şəbəkəsi qurulub, Naxçıvan şəhərində Məlumatların Emalı Data Mərkəzi yaradılıb. Poçt məntəqələrində ənənəvi poçt xidməti ilə yanaşı, telefon haqlarının, elektrik, qaz, sudan istifadə haqlarının, Yeni Azərbaycan Partiyasının üzvlük haqlarının, Dövlət Sosial Müdafiə Fondunun, həmçinin bələdiyyə ödənişlərinin, Dövlət Yol Polisinin cərimələrinin qəbulu həyata keçirilir. Hökumət Ödəniş Portalının şəbəkəsinə qoşulmaqla Azərbaycan Respublikası üzrə bank, maliyyə, vergi və sairə təşkilatların ödənişlərinin qəbulunun poçt məntəqələrində həyata keçirilməsi təmin olub.
Muxtar respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyinin tərkibində yaradılan yeni “Naxtel” 4G mobil operatoru ilə müqavilə bağlanılıb, nömrələrin və danışıq kartlarının satışının poçt şöbə və bölmələri tərəfindən həyata keçirilməsi təşkil olunub. Həmçinin pensiya ödənişlərinin avtomatlaşdırılması məqsədilə Naxçıvanpoçt MMC-nin mütəxəssisləri tərəfindən elektron bazalı proqram təminatı hazırlanıb. Hazırda bu xidmətdən pensiya alanların sayı 473 nəfərdir. Bundan əlavə, bələdiyyə rüsumlarının və Yeni Azərbaycan partiyasının üzvlük haqlarının yığılması üçün proqram təminatı hazırlanıb. Bu gün həmin proqram həm Naxçıvanpoçt, həm də sifarişçilər tərəfindən uğurla istifadə edilir. Həmçinin “Naxçıvanpoçt” MMC-nin şəhər, rayon və kənd bölmələrində sabit internet abunəçiləri üçün balansartırma və tullantı vəsaitlərinin qəbulu üçün proqram təminatı hazırlanıb işə salınıb. Poçt məntəqələrində nağdsız ödənişlərin təşkili üçün 176 POS-terminal qoyulub.
“Elektron İmzanın Sertifikat Xidməti Mərkəzi” tərəfindən 1721 elektron imza subyektinə xidmət edilir
“Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində 2014-cü ildə yaradılmış “Elektron İmzanın Sertifikat Xidməti Mərkəzi” fəaliyyət göstərir. Hazırda mərkəz tərəfindən 1721 elektron imza subyektinə xidmət edilir. Bundan əlavə, “Naxçıvanpoçt”un “İtmiş Əşyaların Sahibinə Çatdırılması Xidməti” və 225 qaynar xətti fəaliyyət göstərir. Bu xidmət rüsum tələb edilmədən humanitar məqsədlə yaradılıb. Vətəndaşlar “Naxçıvanpoçt”un www.naxcivanpoct.az internet saytının “İtirilən əşyaların qeydiyyatı” bölməsində fərdi qaydada tapdıqları yaxud axtardıqları əşyalar haqqında məlumatı yerləşdirə bilərlər. Tapılan əşya poçt xidməti vasitəsi ilə sahibinə çatdırılır.
Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında qaz və elektrik sayğacları smartkartlı sayğaclarla əvəz olunur və poçt məntəqələrində həmin kartlara balans yüklənməsi işi təşkil edilib. Bunun üçün Naxçıvan Şəhər Rabitə İdarəsinin texniki binasında server qoyulub, şəbəkəyə qoşulub, Naxçıvan şəhərində 18 poçt bölməsində və Babək Rayon Poçt Filialının mərkəzi şöbəsində yeni kompüterlər, kartoxuyucuları qurulub, elektrik və qaz təsərrüfatı ilə məşğul olan idarələrdəki kompüterlər də həmin şəbəkəyə qoşulub. Bütün sistemə “Naxçıvanpoçt” MMC-nin mühəndisləri tərəfindən xidmət edilir.
Beynəlxalq poçtdaşımalar uğurla həyata keçirilir
Naxçıvanda beynəlxalq poçtdaşımalarının həyata keçirilməsi üçün “Express Mail Servis” və “DHL” beynəlxalq ekspress poçt xidmətləri fəaliyyət göstərir. Bu da məktubların, sənədlərin və bağlamaların ən qısa zamanda ünvana etibarlı çatdırılmasını təmin edir. Müasir texnologiyalardan istifadə edilməklə poçt göndərişlərinin hansı məntəqədə olduğunun internet üzərindən izlənməsinə imkan yaradılıb. Yaşadığımız XXI əsrin texnika və texnologiyaların yüksək mərhələsi və sürət əsri olduğu, əhalinin müasir poçt xidmətlərinə tələbatı nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində poçt xidmətlərinin dünya standartları səviyyəsinə uyğunlaşdırılması məqsədilə müvafiq tədbirlər ardıcıl şəkildə davam etdirilir.
Mövcud poçt bölmələrindən 174-ü ən müasir şəraiti olan binalarda fəaliyyət göstərir
Muxtar respublikanın şəhər və kəndlərində quruculuq işləri aparılarkən poçt sahəsinin maddi-texniki bazası da möhkəmləndirilir, yeni rabitə evləri və poçt bölmələri istifadəyə verilir. Hazırda mövcud poçt bölmələrindən 174-ü ən müasir şəraiti olan yaraşıqlı binalarda fəaliyyət göstərir. Bu ilin sentyabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə poçt işçilərinin əməkhaqları minimum əməkhaqqı nəzərə alınmaqla, orta hesabla 25 faiz artırılıb. Bütün bunlar poçt sahəsində çalışanları daha səylə işləməyə sövq edir.