REGİONLAR
Muxtar respublikada təşkil olunan Zəfər Düşərgəsi başa çatıb
Naxçıvan, 31 iyul, AZƏRTAC
İki dost və qardaş ölkənin Gənclər təşkilatlarının birgə dəstəyi ilə keçirilən və 200-dən çox gəncin iştirakçısı olan Zəfər Düşərgəsinin son günündə iştirakçılar günə xalqımızın mərdlik, yenilməzlik, mübarizlik rəmzi olan Əlincə qalasına ziyarətlə başlayıblar.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, burada gənclərə abidənin tarixindən, xalqımızın öz azadlığı və istiqlaliyyəti uğrunda yadelli işğalçılara qarşı apardığı mübarizə zamanı qalanın əhəmiyyətindən danışılıb.
Gənclərin üz tutduğu digər ziyarətgah isə Şəhidlər xiyabanı olub. Düşərgə iştirakçıları xiyabana gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər. Günün ikinci yarısında isə onlar Naxçıvan Dövlət Universiteti ilə tanış olublar. Burada onlara Universitet şəhərciyi ilə bağlı ətraflı məlumat verilib.
“Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi” “Duzdağ” hoteldə keçirilən bağlanış mərasimi ilə yekunlaşıb. Əvvəlcə düşərgə iştirakçıları Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnlərini oxuyub, sonra düşərgə ilə bağlı təəssüratlarını bölüşüblər.
Mərasimdə Zəfər Düşərgəsi çərçivəsində keçirilən tədbirlərlə bağlı, eləcə də çəkilən foto və videolardan ibarət videoçarxlar nümayiş olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cəbi Quliyev, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov və Türkiyə Gənclik Vəqfinin Beynəlxalq Əlaqələr koordinatoru Esra Karabal Arda çıxış edərək iki qardaş ölkənin tarixi dostluğundan, ötən il 44 günlük Vətən müharibəsində qazanılan Böyük Qələbədən, Zəfər Düşərgəsi çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən söhbət açıblar. Gələcəkdə belə layihələrin daha sıx-sıx reallaşdırılacağı diqqətə çatdırılıb, çıxış edənlər gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonra Naxçıvan Muxtar Respublikası Gənclər Fondu ilə Türkiyə Gənclik Vəqfi arasında qarşılıqlı xatirə hədiyyələrinin təqdimatı olub, futbol oyununda qələbə qazanan komandaya kubok, gənclərə hədiyyələr və sertifikatlar verilib, xatirə fotosu çəkilib.