REGİONLAR


Muxtar respublikanın Mərkəzi Qida Sınaq Laboratoriyası beynəlxalq nəticə əldə edib

Naxçıvan, 20 may, AZƏRTAC

Muxtar respublikada ərzaq məhsullarının keyfiyyəti daim diqqət mərkəzində saxlanılır. Bu işlərin davamı olaraq laboratoriyanın beynəlxalq akkreditasiyadan keçirilməsi təmin edilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyasının İSO17025 standartı üzrə beynəlxalq akkreditasiyası məqsədilə Latviyanın “LATAK” Milli Akkreditasiya Bürosu ilə əlaqələr yaradılıb və 2013-cü il noyabrın 14-də müqavilə bağlanması təmin olunub. LATAK akkreditasiya orqanının müvafiq qərarına əsasən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası LATAK–T-492-00-2014 nömrəsi ilə qeydiyyata alınıb və İSO 17025 standartı üzrə akkreditasiyası başa çatdırılıb.

Ötən dövr ərzində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-yə Latviya Milli Akkreditasiya Bürosu (LATAK) tərəfindən 2017-ci ildə qüvvədəolma müddəti 2023-cü il yanvarın 27-dək olan beynəlxalq sertifikat təqdim olunub və hər il akkreditasiya orqanının ekspertləri tərəfindən Mərkəzi Qida Sınaq Laboratoriyasının fəaliyyəti yoxlanılıb və laboratoriyanın beynəlxalq akkreditasiya sahəsindəki fəaliyyəti müsbət qiymətləndirilib.

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin nəzdində fəaliyyət göstərən Mərkəzi Qida Sınaq Laboratoriyası mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir. Aparılan sınaq nəticələrinin düzgünlüyünün və etibarlılığının təmin olunması, həmçinin işçi heyətin səriştəliliyinin artırılması məqsədilə laboratoriya beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirak edir. Həmin tədbirlər çərçivəsində bu il fevralın 22-də Polşa Respublikasının “LGC Standards Sp. Z o.o.” şirkəti ilə bağlanmış müqaviləyə əsasən laboratoriya içməli su məhsulu üzrə beynəlxalq laboratoriyalararası səriştəlilik sınağına qatılıb.

İstehsalı Böyük Britaniyada həyata keçirilən içməli su nümunəsində 5 mikrobioloji göstərici üzrə laboratoriya təhlilləri aparılıb. Müayinəsi aparılmış ümumi aerobların sayı 220C-də, ümumi aerobların sayı 370C-də, escherichia coli mikroorqanizmləri, coliformlar və enterococci (faecal streptococci) göstəricilər beynəlxalq standartların tələbləri əsasında yoxlanılıb. Nəticələr qiymətləndirilmə üçün Polşa Respublikasının “LGC Standards Sp. Z o.o.” şirkətinin portal hesabına yüklənilib. Şirkət tərəfindən nəticələrin əsas, fərdi, performans və analitik hesabatları hazırlanaraq laboratoriyaya təqdim edilib. Dünyanın müxtəlif ölkələrindən, ümumilikdə, 309 laboratoriyanın iştirak etdiyi WT 311 saylı içməli suyun mikrobioloji raundunda, Mərkəzi Qida Sınaq Laboratoriyası 5 göstəricinin hər biri üzrə yüksək nəticələr əldə edərək sınaqları uğurla başa vurub.

Mərkəzi Qida Sınaq Laboratoriyası növbəti dəfə süd məhsulları üzrə beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirak edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.