ELM VƏ TƏHSİL
“Muzeyin SABAH-ı” layihəsi çərçivəsində tədbir
Bakı, 19 may, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi Beynəlxalq Muzeylər Şurasının (ICOM) təklifinə əsasən “Muzeyin SABAH-ı” layihəsi çərçivəsində tədbir keçirib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, layihənin iştirakçıları Azərbaycan Rəssamlıq Akademiyasının dekorativ tətbiqi sənət və dizayn ixtisasları üzrə təhsil alan və təhsildə göstəriciləri ilə fərqlənən “SABAH” qruplarının tələbələri olublar.
Layihənin məqsədi tələbələrin muzeyin kolleksiyası və binanın möhtəşəm interyerindən ilhamlanaraq öz potensiallarını nümayiş etdirmələri üçün şərait yaratmaq, onların mənəvi zövqünün formalaşmasında önəmli rol oynamaq və yaradıcı gənclərlə əməkdaşlığı genişləndirmək olub.
İştirakçılar muzeyin müəyyən olunmuş zallarında ixtisaslarına uyğun olaraq təsviri incəsənət sahələri üzrə əl işlərini hazırlayıblar.
Sonda gənc rəssamlar təşəkkürnamə ilə təltif olunublar.
Xatırladaq ki, bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” (Muzeylər ətrafımızdakı dünyanı dəyişmək gücünə malikdir) devizi altında keçirilib.