ELM VƏ TƏHSİL
“Muzeylərimizi tanıyaq və tanıtdıraq” layihəsi davam edir
Bakı, 31 mart, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində “Muzeylərimizi tanıyaq və tanıtdıraq” layihəsi davam edir.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, muzeydə fəaliyyət göstərən “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun rəhbəri Sahibə Ələkbərova layihə çərçivəsində muzeyin könüllülərinin Quba şəhərində “Quba Soyqırımı Memorial Kompleksi”nə ekskursiyasını təşkil edib.
31 mart - azərbaycanlıların soyqırımı günü ilə əlaqədar təşkil edilən ekskursiyada tələbələr memorial kompleksə daxil olan ekspozisiya ilə yaxından tanış olublar. Gənc muzeyşünaslara ermənilərin 1918-ci ildə Azərbaycanda, o cümlədən Qubada törətdikləri vəhşiliklər haqqında ətraflı məlumat verilib.
Kompleksin direktoru Rəxşəndə Bayramova gənclərə soyqırımı hadisələri haqqında kitabçalar və bukletlər təqdim edib.
Sonra tələbələr Quba Rayon Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edib. Direktor Məryəm Hacıyevanın muzeyin yaranması tarixi və ekspozisiya haqqında məlumat verib.
Gənc muzeyşünaslar tarix-diyarşünaslıq muzeyinin filialı olan “Şəhidlər muzeyi”nə də ekskursiya ediblər.