DÜNYA
NASA: Yadplanetlilərlə bağlı heç bir sübut yoxdur

Bakı, 1 iyun, AZƏRTAC
ABŞ-ın Milli Aerokosmik Agentliyi (NASA) bildirib ki, qeyri-insani zəkanın məhsulu və ya yadplanetlilərin mövcudluğu ilə bağlı heç bir sübut yoxdur.
AZƏRTAC NASA-nın rəsmi saytına istinadla xəbər verir ki, agentliyin astrofiziki Devid Spergel illik Məchul Hava Hadisələri (UPA) toplantısında bu barədə deyib: “Qeyri-insani zəkanın sübutu olan bir şey gördüyümüz iddiasını irəli sürmək üçün fövqəladə dəlil tələb olunur və biz bunu görməmişik".
Keçən il NASA astrofizik David Spergelin başçılığı ilə təyyarə və ya məchul təbiət hadisələri kimi bilinən fenomenləri araşdırmaq üçün bir qrup yaradıb. Bu qrup toplantı zamanı UAP ilə əlaqəli yerdənkənar həyat formalarının mövcudluğu ilə bağlı narahatlıqlara aydınlıq gətirib. NASA bəyan edib ki, UAP-ı yerdənkənar həyatla əlaqələndirən heç bir inandırıcı dəlil yoxdur, eyni zamanda, bu hadisələrin tədqiqinin yadplanetlilərin axtarılması ilə əlaqəsi mövcud deyil.
UAP səmada müşahidə edilən hər hansı naməlum obyekti və ya anomaliyaları, o cümlədən həm insan, həm də təbii hadisələri təsvir etmək üçün istifadə edilən daha geniş bir termindir, halbuki UNO (uçan naməlum obyekt) xüsusi olaraq səmada naməlum qalan və mənşəyi asanlıqla izah edilə bilməyən cisimdir.
D.Spergel iyulda dərc edilməsi planlaşdırılan hesabatının ilk nəticələrinə dair 4 saatlıq brifinqə sədrlik edib. Burada çıxış edən bir çox akademik məruzəçi, həmçinin ABŞ-ın Müdafiə Nazirliyi, Federal Aviasiya Administrasiyasının rəsmiləri və NASA-nın nümayəndələri UNO ilə bağlı tədqiqatları nəzərdən keçiriblər. ABŞ Müdafiə Nazirliyinin anomaliyaların həlli ofisinin direktoru Şon Kirkpatrik bildirib ki, onlar indiyədək UNO barədə 800-dən çox məlumat alıblar və aylıq 50-100 hesabat hazırlanıb. O əlavə edib ki, onların çox az hissəsi ciddi yanaşma tələb edir.
Brifinqdə bu yaxınlarda çəkilmiş bir fotoşəkili paylaşan Kirkpatrik bildirib ki, üç nöqtə şəklində parlaq obyektlərin görüntüsü ABŞ üzərində kəşfiyyat uçuşu edən “P-3” təyyarəsi tərəfindən çəkilib. O vurğulayıb ki, obyektlər “P-3” pilotlarının düşündüyündən daha uzaq bir nöqtədə hava limanına enmək üzrə olan təyyarələrdir. Astrofizik əlavə edib ki, UNO-ları aşkar etmək üçün onların ixtiyarında geniş nəzarət alətləri var, lakin beynəlxalq məhdudiyyətlər qlobal səviyyədə araşdırmanı çətinləşdirir.