DÜNYA
NATO Avropada özünün döyüş hazırlığını artıra biləcəkmi?
Berlin, 30 iyun, AZƏRTAC
İyulun 11-12-də Brüsseldə NATO-nun sammiti keçiriləcək. AZƏRTAC xəbər verir ki, sammit ərəfəsində Avropa ölkələrinin xarici işlər nazirləri və Alyansın baş katibi Yens Stoltenberq arasında NATO qüvvələrinin bütün Aİ ərazisində sərbəst yerdəyişməsini təmin etməli olan hərbi-nəqliyyat dəhlizləri yaradılması məsələsinə dair diskussiya yenidən kəskinləşib.
NATO-nun “dörd dəfə 30” adı almış yeni təşəbbüsünün məqsədlərini nəzərə alsaq, ən mürəkkəb məsələ bu deyil. Həmin təşəbbüsə görə 2020-ci ilə qədər Alyansın sərəncamında 30 mexanikləşdirilmiş batalyon, 30 hava eskadrilyası və 30 döyüş gəmisi olmalı, özü də bu texnika 30 gün ərzində və ya daha qısa müddətdə tam döyüş hazırlığı vəziyyətinə gətirilə bilməlidir.
Vaşinqtonda işlənib hazırlanmış bu layihə iyunun əvvəlində NATO ölkələrinin müdafiə nazirlərinin görüşündə razılaşdırılıb. Yens Stoltenberq həmin görüşdə qeyd edib ki, proqnozlaşdırılması get-gedə çətin olan müasir dövrdə yüksək döyüş hazırlığı NATO üçün mühüm məsələyə çevrilir. Baş katib vurğulayır ki, söhbət yeni qüvvələr yaradılmasından və ya onların yayılmasından deyil, mövcud qüvvələrin hazırlıq səviyyəsinin artırılmasından gedir. Alyansın baş katibi əmin olduğunu bildirib ki, NATO üzvləri yeni təşəbbüsü nəzərdə tutulan müddətdə həyata keçirə biləcəklər.
Stoltenberqin nikbinliyi heç də hamı tərəfindən dəstəklənmir. Hər birinin şəxsi heyətinin sayı ayrı-ayrı ölkələr üzrə fərqli olan 30 batalyon yaradılması əslində o deməkdir ki, 15.000-dən çox hərbi qulluqçu operativ şəkildə münaqişə zonasına yerləşdirilməlidir. Lakin hələlik bunun üçün müvafiq nəqliyyat infrastrukturu yoxdur: Avropanın daxilində bürokratik əngəllər, yolların ensiz olması, körpülərin yetərincə möhkəm olmaması səbəbindən hərbçilər təyinat məntəqəsinə vaxtında çatmaya bilər.
Ekspertlər Alyansın əsas zəif yerlərini göstərərək bildiriblər ki, belə məqamlar yeni təşəbbüsü heçə endirə bilər.
Adətən hər briqada 3-6 batalyondan ibarət olur. NATO-nun planında isə bir ay ərzində 5-10 briqadanı döyüş hazırlığı vəziyyətinə gətirmək nəzərdə tutulur. Yuxarıda qeyd edilən ölkələrin heç birinin bu cür qısa müddətdə göstərilən sayda hərbi qulluqçu göndərmək imkanı yoxdur.
Böyük Britaniya bu baxımdan hamıdan yaxşı hazırlaşıb. Çox ehtimal ki, London tam dəstləşdirilmiş briqadanı 30-90 gün ərzində təqdim edə bilər və onu döyüş hazırlığı vəziyyətində saxlaya bilər. Fransanın imkanları isə çox məhduddur. Düzdür, Paris bir neçə həftə ərzində bir briqada formalaşdıra bilər, lakin bunun üçün Fransanın hakimiyyət orqanları çox böyük səy göstərməli olardı.
Bəs, nəyə görə Vaşinqton məhz indiki məqamda belə bir təşəbbüslə çıxış edir, Alyansın avropalı üzvlərindən həmin təşəbbüsün çox qısa müddətdə həyata keçirilməsinə təminat istəyir? Ağ ev avropalıları çevik qüvvələrin yerləşdirilməsi baxımından daha fəal hərəkətlərə sövq etməyə çalışır. Ümumiyyətlə, burada qeyri-adi bir məsələ yoxdur. Bu problemi nə cürsə həll etmək lazımdır. Eyni zamanda, NATO-nun bu təşəbbüsü çox riskli görünür. 2020-ci ilə qədər NATO 45 gün ərzində yalnız 10 batalyonu döyüş hazırlığı vəziyyətinə gətirə bilsə, bu, gülünc təsir bağışlayacaq və Alyans pis vəziyyətə düşəcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin