QAN YADDAŞI


NATO-nun mənzil-qərargahında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub

Bakı, 26 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi tərəfindən NATO-nun mənzil-qərargahında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. NATO yanında akkreditə olunan diplomatik nümayəndəliklərin üzvləri tədbirdə iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Nümayəndəliyin başçısı Qaya Məmmədov Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsindən sonra Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq və etnik təmizləmə siyasəti haqqında məlumat verib. O, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan ordusu tərəfindən Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilmiş qırğının genişmiqyaslı etnik təmizləmə həyata keçirmək üçün düşünülmüş soyqırımı aktı olduğunu bildirib. Vətən müharibəsi nəticəsində Azərbaycan ordusunun işğal olmuş əraziləri azad etdiyini və bununla da regionda sülh və birgə yaşayış üçün imkanlar yarandığını diqqətə çatdırıb. Eyni zamanda, azərbaycanlılara qarşı törədilmiş soyqırımı və müharibə cinayətlərinin günahkarlarının məsuliyyətə cəlb olunmasının sülhün bərqərar olunması üçün ön şərtlərdən olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Türkiyə Respublikasının NATO-dakı daimi nümayəndəsi Basat Öztürk, 30 il Ermənistanın işğalı altında qalan Azərbaycan torpaqlarının azad edilməsini Azərbaycanın böyük uğuru və regionun rifahı üçün əlverişli imkan olduğunu deyib. Türkiyənin Xocalı faciəsi və Vətən müharibəsində həyatlarını itirənləri unutmayacağını, region ölkələrinin iştirakı ilə bölgədə sülh və sabitliyin əldə olunması istiqamətində səy göstərəcəklərini bildirib.

İştirakçılar sonda Xocalıda həyatlarını itirmiş günahsız insanların əziz xatirəsini ehtiramla yad ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.