ELM VƏ TƏHSİL
NAXÇIVANDA KİÇİK BİZNESİN VƏ SAHİBKARLIĞIN YENİ İNKİŞAF MƏRHƏLƏLƏRİ
Naxçıvan Dövlət Universiteti ABŞ və Türkiyə ilə əlaqələri genişləndirir. AZƏRTAC-ın müxbiri xəbər verir ki, universitetdə Sahibkarlıq Mərkəzi yaradılmışdır. ABŞ Sahibkarlar Mərkəzinin direktoru, professor Camal Hüseyn, mərkəzin əlaqələndiricisi Zəfrin Hüseyn, Ərzurum Atatürk Universitetinin professoru Osman Dəmirdoğan Naxçıvan Dövlət Universitetində olmuş və iqtisad fakültəsində seminarlar keçirmiş, yerli sahibkarlarla görüşmüş, Sahibkarlıq Mərkəzinin fəaliyyəti ilə tanış olmuşlar. Səfərin yekunu kimi Naxçıvan Dövlət Universitetində “Kiçik Biznes və sahibkarlıq fəaliyyətinin inkişaf problemləri” mövzusunda beynəlxalq simpozium keçirilmişdir.
Simpoziumu giriş sözü ilə açan universitetin rektoru akademik İsa Həbibbəyli üçtərəfli əməkdaşlığın əhəmiyyətindən danışmışdır.
İqtisad elmləri doktoru, professor Asif Şirəliyev “Bazar münasibətləri və kiçik sahibkarlıq fəaliyyəti”, ABŞ-ın Perdu Universitetinin professoru Camal Hüseyn “Naxçıvanın iqtisadi inkişafında Sahibkarlıq Mərkəzinin rolu”, Türkiyənin Ərzurum Universitetinin professoru Osman Dəmirdoğan “Sahibkarlığın iqtisadi inkişafda rolu və sahibkarlıq təhsilinin problemləri”, mərkəzin əlaqələndiricisi Zəfrin Hüseyn “Sahibkarlıq layihələri və qrantlar” mövzularında məruzələr etmiş, bu sahənin inkişafının əsas istiqamətlərini və problemlərinin həlli yollarını diqqətə çatdırmışlar.