REGİONLAR
NDU-nun tələbələri Almaniyada təlim keçəcəklər
Naxçıvan, 10 dekabr, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti (NDU) Elektroenergetika ixtisasının tələbələrindən 7 nəfəri bir həftə ərzində Almaniyaya təlimə göndərilir.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Günəş panellərinin istehsalı prosesi və digər alternativ enerji texnologiyalarının tətbiqi sahəsinə həsr olunan təlim “Pure Energy Development” SARL şirkətinin Almaniyanın “Wismar” şəhərindəki fabrikində keçiriləcək.
Universitetin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev təlimə göndərilən tələbələrlə görüşüb, onlara uğurlar arzulayıb. Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin mühüm əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.
Rektor tələbələrin təlimdə iştirakının təmin edilməsini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun ali təhsil ocağına göstərdiyi növbəti qayğı olduğunu bildirib, gənclərə gələcəkdə əsl peşəkar kadr kimi formalaşmağı tövsiyə edib.