DÜNYA
NEFERTİTİ VƏTƏNİNƏ QAYIDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki,dünya mədəni irsinin ən nadir sənət incilərindən biri olan 3300 yaşlı Nefertiti büstü 92 il qürbət və qəriblikdən sonra nəhayət vətəni Misirə qayıdır. O, Qahirə muzeyinin kolleksiyaları arasında öz layiqli yerini tutacaqdır. Bu barədə Almaniya və Misir hökumətləri qarşılıqlı razılaşma əldə etmişlər.
Öz orijinal forması və məzmunu ilə qadın gözəlliyi və nəcibliyinin rəmzi sayılan,qədim Misir bədii sənətkarlığının yüksək xüsusiyyətlərini özündə əks etdirən Nefertiti büstü az qala bir qədər Berlin muzeyinin eksponatı kimi nümayiş etdirilmişdir.
Bu nadir sənət əsəri Berlin muzeyinə 92 il əvvəl gəlib düşmüşdür. Misir tərəfinin iddiasına görə,1912-ci ildə Misirdə qədim tarixi sənət nümunələrinin axtarışı məqsədi ilə arxeoloji qazıntılar aparan alman alimi Ludviq Borkardt məşhur Nefertiti büstünü tapandan sonra bu sənət incisini dəyərsiz tapıntı kimi qələmə vermiş, onu qiymətdən salmaqla mənimsəməyə can atmış, adi bir əşya adı altında Almaniyaya gətirmiş və Berlin muzeyinin eksponatları sırasına əlavə etmişdir.