REGİONLAR
Naftalan neftinin sertifkatlaşdırılması məqsədilə konfrans keçirilib
Naftalan, 7 avqust, Rauf Hacıyev, AZƏRTAC
Naftalan Şəhər İcra Hakimiyyəti və Azərbaycan Standartlaşdırma İnstitutunun (ASİ) birgə təşkilatçılığı ilə Naftalan neftinin sertifkatlaşdırılması ilə bağlı videokonfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Naftalanın mövcud turizm potensialı barədə iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində bu məşhur kurort şəhərinin infrastrukturu tamamilə yenilənib və müasir müalicə-istirahət mərkəzləri istifadəyə verilib. Bunun nəticəsidir ki, son illər Naftalana yerli turistlərlə bərabər xarici ölkələrdən müalicə və istirahət məqsədilə gələnlərin sayı xeyli artıb.
Vurğulanıb ki, Naftalan neftinin beynəlxalq sertifikatlaşdırmadan keçməsi üçün ilk addımların atılması vacibdir. Bu istiqamətdə aparılacaq müzakirələr, veriləcək təkliflər Naftalan kurortunun gələcək inkişafı baxımından faydalı olacaq. Həmçinin müalicəvi neftin daha geniş miqyasda tanınmasına və Naftalana xaricdən turist axınına təkan verəcək.
Qeyd olunub ki, Naftalan nefti respublikamızın ən qiymətli təbii sərvətlərindən biridir və müalicəvi əhəmiyyətinə görə dünyanın hər yerində məşhurdur. Şəfa mənbəyi sayılan bu neft sayəsində 70-dən artıq xəstəliyin uğurlu müalicəsi mümkündür. Elə bu baxımdan Naftalan şəhərinin iqtisadi əsasını təşkil edən müxtəlif sanatoriya mərkəzlərinə turist axını davamlı olaraq artır. Bununla əlaqədar olaraq Prezident İlham Əliyev müvafiq qurumlara ölkədə ixtisaslaşmış turizm sənayesinin, xüsusi ilə sağlamlıq turizminin inkişafına xüsusi diqqət yetirməyi göstəriş verib. Standartlaşdırma üzrə milli qurum olaraq Azərbaycan Standartlaşdırma İnstitutunun əsas məqsədi də ölkədə tibbi turizmi inkişaf etdirməkdən və ölkəyə müalicə üçün gələn turistlərə keyfiyyətli və təhlükəsiz xidmət göstərməkdən ibarətdir. Bununla əlaqədar olaraq ASİ tərəfindən Naftalan şəhəri ərazisindəki tibb, balneoterapiya və kosmetologiya sahəsində geniş istifadə edilən müalicəvi Naftalan neftinə dair normativ sənədin işlənib hazırlanması bu günün tələbi olaraq çox mühüm məsələlərdəndir.
Çıxışlardan sonra mövzu ilə bağlı müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib, AZS və İSO sertifkatının alınması üçün atılacaq növbəti addımlar müəyyənləşib.