REGİONLAR
Naftalan şəhəri fasiləsiz istilik sistemi ilə təchiz edilib
Naftalan, 22 noyabr, Rauf Hacıyev, AZƏRTAC
Naftalan şəhərinin idarə, təşkilat, müəssisələri, həmçinin bütün inzibati və ictimai yaşayış binaları fasiləsiz istilik sistemi ilə təchiz edilib.
Bu barədə AZƏRTAC-a Naftalan Şəhər İcra Hakimiyyətinin informasiya təminatı və təhlili sektorunun müdiri Ülfət Əliyev məlumat verib.
Bildirilib ki, Naftalan şəhərində payız-qış mövsümünə hazırlıq işlərinə yay aylarından başlanılıb. Bununla əlaqədar olaraq şəhər icra hakimiyyətinin başçısı tərəfindən tədbirlər planı təsdiq edilib və konkret vəzifələr müəyyənləşdirilərək icra olunub. Naftalan İstilik İstismarı sahəsinin balansında olan bütün qazanxanalarda cari profilaktiki təmir işləri başa çatdırılaraq qışa hazır vəziyyətə gətirilib. Eyni zamanda, noyabrın əvvəlindən evlərə baxış keçirilib, hidravlik təzyiqlə xətlər yoxlanılıb.
Hazırda tam gücü ilə işləyən 3 mərkəzləşdirilmiş qazanxana vasitəsilə 31 çoxmənzilli yaşayış binasının 1470 mənzili, həmçinin məktəblər, körpələr evi-uşaq bağçası fasiləsiz olaraq istilik enerjisi ilə təmin olunub.
Bu vaxta qədər Naftalan şəhərinin fasiləsiz istilik enerjisi ilə təmin edilməsi istiqamətində görülən işlərdən də danışan Ülfət Əliyev deyib ki, 2011-ci ildə üç modul tipli qazanxana binası tikilib və hər biri müasir tipli avadanlıqlarla təchiz edilib. Eyni zamanda, binalar, şəhərdaxili və binadaxili 25 min 788 paqonametr uzunluğunda yeni istilik xətləri çəkilib.
Vurğulanıb ki, soyuq qış günlərində də Naftalan şəhərinin istiliklə təminatında heç bir problem olmayacaq.