ELM VƏ TƏHSİL


Nanopeyklərdə astrofiziki eksperimentlərin qoyulması ilə bağlı müzakirələr aparılıb

Bakı, 20 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında ölkədə ilk dəfə buraxılacaq nanopeyklərdə astrofiziki eksperimentlərin qoyulmasının müzakirəsinə həsr olunan tədbir keçirilib.

Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə ABŞ-ın Merilend Universitetinin professoru, akademik Roald Saqdeyev, “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev, sədrin müavini Rövşən Rüstəmov, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Misir Mərdanov və Milli Aviasiya Akademiyasının professorları Ənvər Həzərxanov, Ədalət Səmədov iştirak ediblər.

Rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov son illər qurumda görülən elmi işlər və beynəlxalq əlaqələr barədə məlumat verib. Qeyd edilib ki, elmi tədqiqatlar əsasən “Səma cisimlərinin fizika və dinamikası” istiqamətinə daxil olan iki problem – ulduz və qalaktikaların kompleks tədqiqi və Günəş və Günəş sistemi cisimlərinin fizika və dinamikası üzrə aparılır. Bundan başqa, rəsədxanada nəzəri astrofizika, kosmologiya, radioastronomiya, yüksəktezlikli radio siqnallarının ionosfer ssintilyasiyaları və onların müxtəlif kosmik hava faktorlarından asılılığı, astronomiyanın tarixi və başqa istiqamətlər üzrə də tədqiqatlar həyata keçirilir.

Rəsədxana direktorunun elmi işlər üzrə müavini Xıdır Mikayılov “Şamaxı Astrofizika Rəsədxanasının müşahidə imkanları” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, rəsədxananın cihaz parkı və xüsusilə ikimetrlik teleskopda yaradılmış şərait müasir standartlara cavab verə biləcək astronomik müşahidələr aparmağa imkan verir.

Rəsədxananın şöbə müdiri Canməmməd Rüstəmov “Nanopeyklərdə astrofiziki problemlərin həlli” mövzusunda məruzəsində qeyd edib ki, nanopeyklərdə fotometrik və paralel olaraq ikimetrlik teleskopda spektral müşahidələrin aparılması böyük kütləli parlaq ifratnəhəng ulduzlarda gedən fiziki proseslərin daha dəqiq anlaşılmasına, bu proseslərin düzgün modelinin qurulmasına imkan verəcək.

Tədbirdə nanopeyklərdə quraşdırılacaq kiçik teleskopların optik və texniki parametrlərinin seçilməsi ilə bağlı müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.