REGİONLAR


Narkomaniya bəşəriyyətin bəlasına çevrilən ciddi təhlükədir

Astara, 23 iyun, Bağır Əliyev, AZƏRTAC

İyunun 23-də Astara Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 26 İyun - Narkomaniya və Narkobiznesə qarşı Mübarizə Gününə həsr olunmuş videokonfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə Astara Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, rayon icra hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi Elnur Rəsulov, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Astara rayon Polis şöbəsinin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis kapitanı Ceyhun Abdulov, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev və başqaları çıxış ediblər. Qeyd olunub ki, BMT-nin Baş Məclisi 1987-ci ildə narkomaniyaya dair problemlərin daim ictimaiyyətin diqqətində saxlanması məqsədi ilə iyun ayının 26-nı Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Azərbaycan Respublikası ərazisində narkomaniya və narkobizneslə bağlı mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması hökumətin və dövlətin əsas fəaliyyət istiqamətlərindən biridir. Bununla yanaşı, ölkədə hüquq-mühafizə orqanları səviyyəsində də narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı lazımi mübarizə aparılır.

Diqqətə çatdırılıb ki, bu gün narkomaniya cəmiyyətin bəlasına çevrilən ciddi təhlükədir. Narkomaniya, eyni zamanda, yoluxucu xəstəliklər mənbəyidir və HİV, QİÇS, hepatitlər və sair kimi infeksion xəstəliklərə yoluxmanı artıran bir vasitədir. Yeniyetmə və gənclərin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, sosial tarazlığının pozulmasına, ətrafdakı insanlara daha çox cinayətkar simasının aşılanmasına, ən əsası da sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur. Narkomaniya ilə mübarizədə ən effektiv vasitələrdən biri narkotik istifadəçilərinin ilkin mərhələdə aşkar olunması, onlara narkotiklərdən istifadədən imtina üçün yardım edilməsidir. Bu, narkotik vasitələrdən qanunsuz istifadəyə meyilli şəxslərin aşkar olunması sistemi, narkotiklərin istifadəsinin genişlənməsinin qarşısının alınması, qabaqlayıcı və müalicə-profilaktik tədbirlərinin ümumi kompleksinin vacib elementi kimi qiymətləndirilir.

Tədbir iştirakçıları Mərkəzin foyesində 26 İyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş virtual sərgi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.