CƏMİYYƏT
Narkotiklərlə mübarizə tədbirləri qətiyyətlə davam etdirilir
Bakı, 16 iyul, AZƏRTAC
Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində tədbirləri qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Ağayevin Xırdalanda kirayədə yaşadığı mənzilindən 13 qrama yaxın heroin, 2,7 kiloqrama yaxın marixuana, həmçinin güclü təsiredici xüsusiyyətə malik 51 qram metamfetamin və 30 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yaxa-Dəllək kənd sakini, əvvəllər məhkum olunmuş Mahmud Nağıyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 11 çətənə kolu və 250 qram marixuana götürülüb.
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları isə Mustafabəyli kənd sakini Elçin Süleymanovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 6 çətənə kolu aşkarlayıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.