İDMAN
Natiq Bağırov: Yeni qaydaları cüdoçularımız, hakimlərimiz, eləcə də məşqçilər dəqiq bilməlidirlər
Bakı, 25 yanvar, AZƏRTAC
Beynəlxalq Cüdo Federasiyasının 2022-2024-cü illər Olimpiya dövrü üçün elan etdiyi yeni qaydalarla bağlı seminar keçirilir. Beynəlxalq dərəcəli hakim Vladimer Nutsubidze tərəfindən təşkil olunan seminar cüdoçularımız üçün böyük əhəmiyyət daşıyır. Yeni qaydaları idmançılarımız, hakimlərimiz, eləcə də məşqçilər dəqiq bilməlidirlər.
Bu sözləri Beynəlxalq Cüdo Federasiyasının elan etdiyi yeni qaydalarla bağlı təşkil olunmuş seminar zamanı jurnalistlərə açıqlamasında Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov bildirib.
Qeyd edib ki, bir neçə gündən sonra Portuqaliyanın Almada şəhərində Qran-Pri yarışında artıq bu qaydalar tətbiq ediləcək: “Vaxt çox azdır. Belə ki, yanvarın 28-30-da Portuqaliyadakı yarışadək cüdoçularımız bəzi qaydalarda edilən dəyişiklikləri tam mənimsəməlidirlər. Həmin turnirdən bir həftə sonra Parisdə “Böyük dəbilqə” yarışı keçiriləcək. Mart ayından etibarən yeni qaydalardan respublika yarışlarında istifadə olunacaq. Cüdo Azərbaycanın hər bir bölgəsində inkişaf etdiyi üçün yeni qaydalar Regionlar Komitəsi ilə birgə tətbiq ediləcək”.
N.Bağırov bildirib ki, idmançılar yeni qaydaları diqqətlə öyrənməli və onlara tam dəqiqliyi ilə əməl etməlidirlər: “Yığma üzvlərindən Kəramət Hüseynov, Hidayət Heydərov və Orxan Səfərovun daha çox tətbiq etdikləri fəndlər artıq yeni qaydalarda yoxdur. Yəni, onlar bu fəndləri tətbiq etsələr görüşdən kənarlaşdırılacaqlar”.
“Yeni qaydalar həmişə çətinliklə mənimsənildiyi bəzən problemlər yaradır. Elnur Məmmədli Pekin Olimpiadasında hər görüşdə ayrı-ayrı fəndlərlə qələbə qazanmışdı. Finalda ayaqdan tutaraq fənd tətbiq etmişdi. Yəni o fəndi tətbiq etməsəydi belə, başqa fəndlə qalib gələcəkdi. Yəni yeni qaydalara riayət etməyən, onu tam mənimsəməyən idmançılar üçün problem yaranacaq. Bununla belə, yeni qaydalarda müsbət dəyişiklikləri də vurğulamaq lazımdır. Məsələn, bundan əvvəl cüdoçu hər hansı fənddən sonra qarnı üstə yıxılırdısa, ikinci hərəkətlə döndəriləndə rəqib vazari xalı ilə qiymətləndirilirdi. Yeni qaydalara görə, bu hərəkətə xal verilməyəcək”, - deyə federasiya rəsmisi əlavə edib.