REGİONLAR
Naxçıvan Beynəlxalq Hava Limanında keçirilən taktiki-xüsusi təlim uğurla başa çatıb
Naxçıvan, 23 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Beynəlxalq Hava Limanında “Obyektdə baş verən yanğının söndürülməsi, bununla bağlı xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması” mövzusunda keçirilən taktiki-xüsusi təlim uğurla başa çatıb.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlim planına uyğun olaraq ilk növbədə hava limanının yanğın təhlükəsizliyi və qəza-xilasetmə komandasının şəxsi heyətindən döyüş hazırlığının yoxlanılması məqsədilə “Döyüş açılışı” üzrə normativlər qəbul edilib. Sonra Yanacaq-Sürtkü Materialları anbarında şərti baş vermiş yanğının söndürülməsi üzrə yanğınsöndürmə qüvvələrinin fəaliyyətinin təşkili sualına baxılıb, təlim yerində yanğından mühafizə bölmələrinin praktik fəaliyyətinə qiymət verilib.
Yanacaq-Sürtkü Materialları anbarının yanğın cəhətdən təhlükəli obyekt olduğunu nəzərə alaraq şərti yanğının söndürülməsinə Naxçıvan Beynəlxalq Hava Limanından 3 ədəd “MAN”, Fövqəladə Hallar Nazirliyinin Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsindən 2 “İVECO” markalı müasir tipli yanğınsöndürmə texnikası və Babək Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsindən 1 “KamAZ”, 21 nəfər isə şəxsi heyət cəlb olunub. Yanğınsöndürənlərin cəld və çevik fəaliyyəti nəticəsində yanğının qarşısı vaxtında alınıb, yanğının qonşu çənlərə keçməməsi üçün çənlərin soyudulması təmin edilib, yanğın ocağında xəsarət alanlara hava limanının səhiyyə məntəqəsi tərəfindən ilk tibbi yardım göstərilib və onların xəstəxanaya təxliyəsi təmin olunub.
Təlimdə hava gəmilərinin qəza enişi zamanı yanğın təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsi, xəsarət alanların çıxarılması və onlara ilk tibbi yardımın göstərilməsi də praktiki şəkildə həyata keçirilib.
Təlimdə Naxçıvan Beynəlxalq Hava Limanı və Fövqəladə Hallar Nazirliyindən, ümumilikdə, 131 nəfər şəxsi heyət, 6 yanğınsöndürmə avtomobili, 6 xüsusi təyinatlı texnika, idarəetmə və rabitə vasitələri cəlb edilib. Təlim uğurla başa çatdırılıb, qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Aparatının Mülki müdаfiə işinin təşkili şöbəsinin mülki müdаfiə işinin təşkili və planlaşdırılması bölməsinin rəisi, mayor Rəcəb Səfərov təlimdən sonrakı çıxışında qeyd edib ki, şəxsi heyətin döyüş, peşə və fiziki hazırlığının artırılması məqsədilə muxtar respublikanın bütün strateji əhəmiyyətli obyektlərində belə təlimlər keçiriləcək.