REGİONLAR
Naxçıvan Dövlət Universitetində şanlı Qələbəmizin 100-cü günü qeyd olunub
Naxçıvan, 19 fevral, AZƏRTAC
“Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi!”. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Naxçıvan Dövlət Universitetində keçirilən “Qələbədən 100 gün sonra” adlı tədbirdə bir daha səsləndirilib.
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra şanlı Qələbənin 100-cü gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Universitetin rektoru Elbrus İsayev çıxış edərək 44 günlük Vətən müharibəsində qazandığımız Qələbənin dövlətimizin başçısının uğurlu və uzaqgörən siyasəti, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın birliyi sayəsində əldə olunduğunu vurğulayıb. Rektor diqqətə çatdırıb ki, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən igidlərimiz heç vaxt unudulmayacaq, onların qəhrəmanlıqları gələcək nəsillərə nümunə göstəriləcək.
Vətən müharibəsi iştirakçıları polkovnik-leytenantı Səid Əhmədov, mayor Təbriz Zeynalov və Elnur Şirinov, Naxçıvan Dövlət Universiteti Məşqçilik ixtisası üzrə I kurs qiyabi tələbəsi, Vətən müharibəsi iştirakçısı Fəxri Qazıbəyov qalib ölkənin ordusunda döyüşməkdən fəxr duyduqlarını dilə gətiriblər. Çıxışlarda qeyd olunub ki, bizi qələbəyə daha da inamlı edən Ali Baş Komandanın dəstəyi, xalqımızın ruh yüksəkliyi oldu. Əgər bunlar olmasaydı, biz bir addım belə irəli gedə bilməzdik. Silahlı Qüvvələrimiz xalq-ordu birliyindən güc aldı. Şəhidlərin qanı hesabına qazanılmış böyük Qələbə müasir tariximizin şanlı qəhrəmanlıq dastanı kimi heç zaman unudulmamalı və gələcək nəsillərimiz üçün örnək olmalıdır. İxtisasından və peşəsindən asılı olmayaraq hər bir gənc vətənpərvər olmalı və bu amal uğrunda mübarizə aparmalıdır.
Tələbələrin sualları cavablandırıldıqdan sonra Qələbənin 100-cü günü münasibətilə universitet tərəfindən əsgər və zabitlərə plaket təqdim edilib, xatirə şəkli çəkdirilib.