REGİONLAR
Naxçıvan Dövlət Universitetinin 409 tələbəsi pedaqoji, 45-i isə məşqçilik təcrübəsi keçəcək
Naxçıvan, 13 oktyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində 2020-2021-ci tədris ilinin birinci semestrinə aid pedaqoji təcrübənin başlanğıc konfransı olub.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, konfransda çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev pedaqoji təcrübənin yüksək ixtisaslı, mənəvi-əxlaqi dəyər və keyfiyyətlərə sahib vətəndaşların hazırlanıb, həyatda səmərəli fəaliyyət göstərməsindəki rolundan danışıb. Pedaqoji təcrübənin muxtar respublikanın ali və orta təhsil müəssisələrinin sıx əməkdaşlığı, tələbələrin pedaqoji ustalıqlara yiyələnmələri baxımından əhəmiyyətindən, təcrübi dərslər zamanı informasiya-kommunikasiya vasitələrindən istifadənin, elmi-kütləvi, mədəni tədbirlərin keçirilməsinin zəruriliyindən bəhs edib. Rektor tələbələrə və təcrübə rəhbərlərinə pedaqoji təcrübə dövrünə məsuliyyətlə yanaşmağı və bu dövrü yüksək göstəricilərlə başa vurmağı arzulayıb.
“Pedaqoji təcrübənin təşkilinə aid müasir tələblər və qarşıda duran vəzifələr” adlı çıxışında universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov bildirib ki, universitetin əyani şöbəsində 6 fakültə üzrə 16 ixtisas olmaqla, ümumilikdə, 409 tələbə muxtar respublikanın 15 şəhər tam orta məktəbində və Babək rayonunun Şıxmahmud kənd tam orta məktəbində pedaqoji təcrübədə olacaqlar. Universitetin müəllimlərindən 67 ixtisas metodist isə təcrübəyə rəhbərlik edəcək. Bədən tərbiyəsi və idman ixtisası üzrə IV kurs tələbələri 45 nəfər olmaqla, məşqçilik təcrübəsi keçəcək. Pedaqoji təcrübənin yekununda bolonya sisteminə uyğun olaraq 100 ballıq sistem üzrə qiymətləndirilmə aparılacaq.
Ali təhsil ocağının İngilis dili və metodika kafedrasının müəllimi Leyla Zeynalova, Pedaqogika və psixologiya kafedrasının müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Orucova təcrübə dövründə pedaqogika və psixologiya üzrə görüləcək işlər haqqında danışıblar.