REGİONLAR
Naxçıvan Dövlət Universiteti şəhərciyinin gözoxşayan qış mənzərəsi FOTOLENT
Naxçıvan, 22 yanvar, Rauf Kəngərli, AZƏRTAC
Uğurlu tarixi inkişaf yolu keçən Naxçıvan Dövlət Universitetinə göstərilən dövlət qayğısı onu ölkəmizin, o cümlədən regionun ən qabaqcıl ali təhsil müəssisələri sırasına yüksəldib. 1967-ci ildə 3 ixtisas və 103 tələbə ilə fəaliyyətə başlayan universitetdə hazırda 6 minə yaxın tələbə təhsil alır. İndiyədək 40 minə yaxın məzunu olan ali təhsil ocağı bu gün gözoxşayan universitet şəhərciyi ilə diqqətləri üzərinə cəlb edir. Bu şəhərciyi seyr edən hər kəs bir daha əmin olur ki, muxtar respublikada aparılan kompleks quruculuq işləri təhsil sahəsini, o cümlədən ali təhsil müəssisələrini də əhatə edib, Naxçıvan Dövlət Universiteti quruculuq işlərinin fonunda dünyanın ən gözəl şəhərciyinə sahib olan ali təhsil müəssisələri sırasına daxil olub.
Qış aylarında isə şəhərcikdə insan əməyinin zəhməti ilə təbiətin bəxş etdiyi gözəlliyin harmoniyasından yaranan gözəl mənzərələri fotolentin yaddaşına köçürməyə tələsənlər çox olur. Onlardan biri də universitetdə şəhərsalma ixtisası üzrə I kurs magistr tələbəsi olan Anar Sadiqovdur. Onun fotoobyektivindən Naxçıvan Dövlət Universitetinin qış mənzərələrini izlədikcə gündən-günə gözəlləşən ölkəmizdə təhsilə verilən yüksək dəyərin növbəti nümunəsini bir daha görmüş oluruq.
AZƏRTAC-ın Naxçıvan bürosu həmin fotoşəkilləri təqdim edir.