REGİONLAR
“Naxçıvan Dövlət Universiteti”nin komandası çimərlik futbolu üzrə muxtar respublika çempionatının qalibi olub
Naxçıvan, 1 sentyabr, AZƏRTAC
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Çimərlik Futbolu Federasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı, “Arazbet”in baş sponsorluğu ilə keçirilən çimərlik futbolu üzrə muxtar respublika çempionatına yekun vurulub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Uzunoba gölü ətrafındakı çimərlik futbolu meydançasında keçirilən çempionatın həlledici qarşılaşmasında “Naxçıvan Dövlət Universiteti” komandası ilə “Badamlı” komandası üz-üzə gəlib. İlk 12 dəqiqəsi qolsuz başa çatan görüşün ikinci hissəsində üstünlüyü ələ alan tələbələr rəqibi ardıcıl olaraq 3 dəfə mərkəzə dəvət ediblər. Son hissədə rəqibin bir qoluna iki qolla cavab verən “Badamlı” komandası oyunda dönüş yarada bilməyib. Nəticədə, 4:2 hesabı ilə qələbə qazanan universitet komandası ilk dəfə keçirilən çimərlik futbolu üzrə muxtar respublika çempionatının qalibi olub.
Görüşdən sonra ilk olaraq ötən mövsüm Naxçıvan Futzal Liqasının qalibi olan komandalar mükafatlandırıldı. Liqanın qalibi olan “Nəqşicahan” komandasına kubok və plaket təqdim olundu. “Badamlı” komandası liqanın gümüş, “Panter” komandası isə bürünc mükafatçısı oldu.
Çimərlik futbolu üzrə Naxçıvan Muxtar Respublika çempionatının qalibi olan “NDU” komandası kubok və plaketlə mükafatlandırıldı. Final görüşündə məğlub olan “Badamlı” komandası ikinci, “Panter” komandası isə çimərlik futbolu çempionatını üçüncü pillədə başa vurdular.