REGİONLAR


Naxçıvan Futbol Federasiyasının nümayəndələri Türkiyənin Mersin şəhərində olublar

Naxçıvan, 8 sentyabr, AZƏRTAC

Naxçıvan Futbol Federasiyasının nümayəndələri Naxçıvan şəhərinin yaxınlığında yerləşən Uzunoba gölü ətrafında tikilən futbol kompleksinin inşası məsələləri ilə əlaqədar Türkiyə Cümhuriyyətinin Mersin şəhərində olublar.

Federasiyadan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, federasiya nümayəndələri Mersin şəhərində “PLP qrup CKİnşaat” nümayəndələri ilə görüşüblər. Əldə edilən razılığa əsasən, ay ərzində türkiyəli mütəxəssislər muxtar respublikaya gələcək və stadionlara süni ot örtüyünün düzülüşünə başlayacaqlar. Beynəlxalq standartlara cavab verəcək stadionun ətrafı xüsusi lampalarla işıqlandırılacaq.

Naxçıvan Futbol Federasiyasının nümayəndələri, həmçinin Mersin şəhərində İtaliyanın “İnter” Futbol Klubunun akademiyasında olublar. Akademiyada gedən məşqləri izləyən federasiya rəsmiləri klubun Türkiyə nümayəndə heyətinin rəhbəri Hüseyn Kılavuzla da görüşüblər. Görüş zamanı gələcək işlər barədə fikir mübadiləsi aparılıb və dünyanın məşhur klubunun akademiyasının muxtar respublikada nümayəndəliyinin açılması məsələsi müzakirə edilib.

Bununla yanaşı, Mersin şəhərinin klubları ilə də danışıqlar aparılıb, gələcəkdə Naxçıvan və Mersin şəhərlərinin komandaları arasında təşkil olunacaq futbol görüşləri, eləcə də uşaq futbolu ilə bağlı məsələlər müzakirə edilib. Qarşıdakı aylarda Mersin şəhərinin futbol qurumları ilə Naxçıvan Futbol Federasiyası arasında dostluq müqaviləsinin imzalanması da nəzərdə tutulur.

Səfər çərçivəsində muxtar respublikada futbol hakimlərinin inkişafı məsələləri də diqqətdə saxlanılıb. Belə ki, federasiya nümayəndələri uzun illər Türkiyənin FİFA referisi olmuş, hazırda Toroslar (Mersin) Bələdiyyəsi idman şöbəsinin müdiri vəzifəsində çalışan Vedat Yüksəllə görüşüb. Görüş zamanı hakimlərin hazırkı vəziyyəti müzakirə edilib və türkiyəli hakimin muxtar respublikada gənc hakimlər üçün təşkil ediləcək seminarlarda iştiraka dəvət olunub. Vedat Yüksəl dəvəti qəbul edib.

Qeyd edək ki, Naxçıvan Futbol Federasiyası muxtar respublikada futbolun inkişafı, kütləviləşməsi və uşaq futbolunun geniş vüsət alması məqsədi ilə qarşıdakı aylarda Türkiyənin, eləcə də dünyanın bir sıra futbol qurumları ilə qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.