REGİONLAR
Naxçıvan Muxtar Respublikası sərhədlərinin etibarlı mühafizəsi təmin edilib
Naxçıvan, 18 avqust, AZƏRTAC
Bu gün ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında Sərhəd Qoşunları Günü qeyd olunur.
Azərbaycan Respublikası Sərhəd Qoşunlarının formalaşmasında ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin 1990-1993-cü illəri əhatə edən Naxçıvan dövrü müstəsna əhəmiyyətə malikdir. Bu dövrdə Ulu Öndərin rəhbərliyi ilə ilk milli sərhəd qurumları yaradılıb.
Ümummilli Lider Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən cəmi dörd gün sonra, 1991-ci il sentyabrın 7-də Naxçıvanda Dövlət Müdafiə Komitəsinin yaradılması barədə qərar qəbul edib. Bununla da Azərbaycanda ilk peşəkar vahid komandanlığa tabe olan milli ordunun əsası qoyulub. Həmin vaxt Naxçıvandakı keçmiş sovet sərhəd dəstəsinin əmlakının, silah və sursatının tamamilə Azərbaycan sərhədçilərinə təhvil verilməsi işi də ölkəmizin milli maraqlarına uyğun şəkildə həll olunub. 1992-ci il avqustun 22-də Naxçıvandakı 41-ci Sərhəd Dəstəsi Azərbaycanın tabeliyinə keçib və sərhəd dəstəsində ilk dəfə müstəqil Azərbaycanın üçrəngli bayrağı qaldırılıb.
Rusiya Sərhəd Qoşunları Baş Komandanlığı və Zaqafqaziya Sərhəd Qoşunları Dairəsinin rəhbərliyi ilə aparılan danışıqların nəticəsi olaraq, 1992-ci il sentyabrın 29-da 41-ci Sərhəd Dəstəsi ləğv olunub, onun bütün hərbi və təsərrüfat əmlakı Naxçıvanda yeni yaradılmış birinci Sərhəd Dəstəsinin sərəncamına verilib, 215 kilometrlik sərhəd ərazisi ilk dəfə olaraq milli Sərhəd Qoşunları tərəfindən mühafizəyə qəbul edilib. Ümummilli lider Heydər Əliyev bu barədə deyib: “Naxçıvanın qonşu İran və Türkiyə ilə sərhədləri on illərboyu rus qoşunları tərəfindən qorunmuşdur. Biz keçmiş Sovetlər İttifaqının, sonra isə Rusiyanın burada yerləşən 41-ci Sərhəd qoşunları hissəsinin buradan tamamilə çıxıb getməsinə nail olduq və Azərbaycanda ilk dəfə olaraq milli sərhəd qoşunlarının birinci dəstəsi yaradıldı... Bütün bunlar tarixi hadisələrdir və nəinki bugünkü, həmçinin gələcək nəsillər tərəfindən layiqincə qiymətləndiriləcəkdir”.
Ölkəmizdə Sərhəd Qoşunlarının yaradılması ümummilli lider Heydər Əliyevin ali hakimiyyətə ikinci qayıdışından sonra da dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib, Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadir olduğunu nümayiş etdirib. Bu siyasəti qətiyyətlə davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlət sərhədlərinin mühafizəsinə və sərhədçilərə göstərdiyi böyük qayğı nəticəsində Sərhəd Qoşunları daha da möhkəmlənir.
Sərhəd Qoşunlarının formalaşması və inkişafı istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bu gün muxtar respublikamızda da uğurla davam etdirilir. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır, hərbi qulluqçulara yüksək dövlət qayğısı göstərilir. 2004-cü ildə Naxçıvan Sərhəd Dəstəsinin bazasında “Naxçıvan” Sərhəd Diviziyası, 2015-ci ildə isə Sərhəd Diviziyasının bazasında “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası yaradılıb. Muxtar respublikanın sərhədlərinin mühafizəsi, bu sahədə həyata keçirilən quruculuq işləri yeni mərhələyə qədəm qoyub. Sovet dövründən qalan sərhəd zastavalarının yerində müasir sərhəd zastava kompleksləri tikilərək istifadəyə verilib, sərhədçilərin xidmət və məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb. Bu gün muxtar respublikanın sərhəd zastavaları müasir sərhəd strukturlarına malikdir.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında aparılan quruculuq işləri davamlı xarakter daşıyır. Belə ki, 2005-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində Əlahiddə Sərhəd Diviziyası qərargahının, əsgər xəstəxanasının, hamam-camaşırxana kompleksinin əsaslı təmiri, çörəkbişirmə sexinin tikilib istifadəyə verilməsi, Şərur sərhəd komendantlığının yenidən qurulması həyata keçirilib. 2007-2012-ci illər ərzində isə ən müasir tələblərə uyğun doqquz sərhəd zastavası kompleks şəkildə tikilib, Culfa sərhəd komendantlığı yenidən qurularaq istifadəyə verilib. 2015-2016-cı illər ərzində Əlahiddə Sərhəd Diviziyasının yaşayış şəhərciyinin binası əsaslı təmir olunub. Avtomobillərin saxlanılması üçün yeni qarajların, qarovul və qazanxana binalarının inşası başa çatdırılıb, ərazidə abadlıq işləri aparılıb. Hazırda “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının bazasında müasir tələblərə cavab verən yeni uşaq bağçasının inşası davam etdirilir.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti göstərilən qayğı və yaradılan şəraitdən səmərəli istifadə edərək bu gün Naxçıvan Muxtar Respublikası sərhədlərinin etibarlı mühafizəsini təmin edir.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu