REGİONLAR
Naxçıvan Şəhər Nəqliyyat İdarəsində payız-qış mövsümünə hazırlıq işləri müzakirə edilib
Naxçıvan, 25 noyabr, AZƏRTAC
Naxçıvan Şəhər Nəqliyyat İdarəsində payız-qış mövsümünə hazırlığın vəziyyəti və lisenziyaların tələblərinə əməl olunması ilə bağlı seminar-müşavirə olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin şöbə müdiri Elxan Novruzov çıxış edərək muxtar respublikanın rayon və kəndlərinə, habelə şəhərdaxili marşrutda işləyən mikroavtobusların payız-qış mövsümünə hazırlığına nəzarət məqsədilə sürücülərlə əlaqə saxlanıldığı bildirib. Qeyd olunub ki, müqavilə şərtlərinə uyğun olaraq həmin avtomaşınlara texniki qulluq göstərilib, lazım olan təmir işləri həyata keçirilib. Xidmətin lisenziyası ilə işləyən bütün avtonəqliyyat vasitələrinin saz vəziyyətə gətirilməsi işi təmin ediləcək, payız-qış mövsümünə hazırlıq tam başa çatdırılacaq.
Dövlət Nəqliyyat Xidmətinin sektor müdiri Zaur Əliyev çıxışında qeyd edib ki, 2018-ci il noyabrın 1-dən etibarən avtomobil nəqliyyatı ilə sərnişin daşınması fəaliyyətinə lisenziyanın verilməsi həyata keçirilir. 2020-ci ilin noyabr ayından lisenziya müddəti bitmiş sahibkarlara yeni lisenziyanın verilməsi işinə başlanılıb. Hər bir sahibkar avtomobilin texniki baxışdan keçməsi haqqında arayışı və avtomobilə aid digər sənədlərin surətlərini Dövlət Nəqliyyat Xidmətinə təqdim etməklə lisenziya əldə edə bilər.
Sonda suallar cavablandırılıb.