REGİONLAR
“Naxçıvan” Universitetində “Peşəkar bələdçi” təliminə start verilib
Naxçıvan, 12 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının əlverişli coğrafi mövqeyi, zəngin mədəni irsi, təbii müalicə mərkəzləri, mineral suları, özünəməxsus mətbəxi, yüksək qonaqpərvərlik ənənələri, müasir inkişafı və müxtəlif iqlim qurşaqlarının mövcudluğu qədim diyarda turizmin inkişafını şərtləndirən başlıca amillərdir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər “Naxçıvan” Universitetində Turizm işinin təşkili və Turizm və otelçilik ixtisasları üzrə təhsil alan tələbələr üçün keçirilən “Peşəkar bələdçi” təlimində səsləndirilib.
Təlimin birinci hissəsində çıxış edən “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına uyğun olaraq “Naxçıvan” Universitetinin Turizm işinin təşkili ixtisası Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinə hamiliyə verilib. Rektor bu gün turizmin ölkə iqtisadiyyatı üçün vacib bir sahə olduğunu vurğulayıb, bu sahədə “Naxçıvan” Universitetində də ixtisaslı kadrlar hazırlandığını diqqətə çatdırıb.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramının qəbul olunması yüksəkkeyfiyyətli və rəqabətədavamlı turizm xidmətlərinin təmin edilməsinə, turizm potensialından tam istifadə olunmasına yeni imkanlar yaradıb.
Tədbirin ikinci hissəsində Turizm Departamentinin əməkdaşı Süleyman Rüstəmov tələbələrə ilkin səyahətlərin yaranması, Azərbaycanda turizmin qısa tarixi, ekskursiya zamanı məntiqi təfəkkür qanunlarından istifadə haqqında məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.