REGİONLAR
Naxçıvan şəhərindəki Mərkəzi bazarda bayram yarmarkası təşkil olunub
Naxçıvan, 26 dekabr, AZƏRTAC
Dekabrın 25-dən Naxçıvan şəhərindəki Mərkəzi bazarda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram yarmarkası təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yarmarkaya muxtar respublikanın müxtəlif bölgələrindən ailə təsərrüfatı məhsulları çıxarılıb. Yarmarkada satılan məhsullar alıcılar üçün daha sərfəlidir. Burada ət və ət məhsulları, meyvə, tərəvəz və digər yerli məhsullar mağazalardakı qiymətlərdən daha ucuz təklif olunur.
Muxtar respublikanın ən böyük bölgəsi olan Şərur rayonunun Qarxun kənd sakini, ailə təsərrüfatçısı Nəsir Məmmədov AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı ilə söhbətində deyib: “Yarmarkaya məhsul gətirənlərə hərtərəfli şərait yaradılıb. Burada məhsulları alıcılara bazar qiymətindən 15-20 faiz ucuz təklif edirik. Altı ildən artıqdır ki, ailə təsərrüfatı sahibiyəm. Heyvandarlıqla məşğulam. İndiyədək gətirdiyim məhsulun, demək olar ki, yarıdan çoxunu satmışam. Küpədə ovma pendir daha çox satılan məhsuldur”.
Naxçıvanın fəal qadın ailə təsərrüfatçılarından biri olan Sədərək rayon sakini Mehbarə Hüseynova bildirib ki, muxtar respublikada, o cümlədən onun sərhəd bölgəsi olan Sədərək rayonunda təsərrüfatçılar üçün hər cür şərait yaradılıb. Kim istəyir həyətində, pay torpağında istixana yaradır, bunun sayəsində isə qış fəslində də bazar və dükanlarımızda təzə göyərti, tərəvəz bol olur. O deyib: “Həyətyanı sahəmdə və pay torpağımda əkib-becərdiyim məhsullardan hazırladığım yeməkləri, müxtəlif turşu növlərini, mürəbbə, doşab, meyvə cemlərini yarmarkaya gətirmişəm. Bunlarla yanaşı, qida kimi istifadə olunan yabanı bitkilərin, gündəlik istifadə etdiyimiz göyərtilərin qurusu da alıcıların diqqətini cəlb edir”.
Kəngərli rayonundan olan Şirvanə Babayeva da ailə təsərrüfatı sahibidir. O, yarmarkaya ət və süd məhsulları gətirib. Deyir ki, bu cür yarmarkaların təşkili hamımızın ürəyincədir.
Qeyd edək ki, bayram yarmarkası dekabrın 29-dək davam edəcək.