REGİONLAR
Naxçıvanda “Bayraq mənliyimdir!” adlı aksiya təşkil olunub
Naxçıvan, 17 noyabr, AZƏRTAC
Naxçıvan şəhərində 17 Noyabr - Azərbaycan Dövlət Bayrağının Naxçıvanda Qaldırıldığı Gün münasibətilə “Bayraq mənliyimdir!” adlı aksiya təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əlamətdar tarixi günün qeyd edilməsi, gənclərin Azərbaycan Ordusuna mənəvi dəstəyinin nümayişi, onların vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi, könüllü gənclərin fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən aksiyada istedadlı gənclər tərəfindən vətənpərvərlik mahnıları və şeirlər səsləndirilib, könüllülər sakinlərə bayraqlar hədiyyə ediblər.
Layihə çərçivəsində keçirilən “Əsgərə məktub” aksiyasında isə gənclər, eləcə də muxtar respublika sakinləri tərəfindən şanlı Azərbaycan Ordusunun əsgərlərinə məktublar yazılıb.
Qeyd edək ki, 30 il əvvəl – 1990-cı il noyabrın 17-də ilk dəfə qədim Naxçıvan torpağında ucaldılan, milli suverenliyimizin simvolu, müqəddəs dövlətçilik rəmzlərindən biri olan bayrağımız bu gün işğaldan azad edilən torpaqlarımızda dalğalanır.