REGİONLAR
Naxçıvanda “Stomatologiyada multidissiplinar yanaşma” mövzusunda keçirilən elmi-praktik konfrans başa çatıb
Naxçıvan, 10 oktyabr, AZƏRTAC
Səhiyyə sisteminin inkişafına dövlət qayğısının artması, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi, infrastrukturun yenidən qurulması digər sahələr kimi, stomatologiya sistemində də mühüm irəliləyişlərə, ixtisaslı kadr potensialının yüksəldilməsinə şərait yaradıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Stomatologiyada multidissiplinar yanaşma” mövzusunda keçirilən elmi-praktik konfransda Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva tərəfindən səsləndirilib.
Əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov konfransdakı çıxışında qeyd edib ki, universitetdə stomatologiya ixtisasının açılması bu sahədə ixtisaslı kadrların hazırlanmasına vacib töhfələr verir. Naxçıvan Dövlət Universitetinin Türkiyə universitetləri ilə əlaqələri ilbəil genişlənir. Belə əlaqələr zamanı tədrisin təşkili və tibb elminin aktual problemlərinə həsr olunmuş birgə elmi tədqiqatların aparılması, onların nəticələri əsasında konfrans və seminarların keçirilməsi, diaqnostikanın, profilaktika və müalicənin yeni metodlarının tətbiqi məsələlərinin koordinasiyası və elmi-praktik informasiyaların mübadiləsi nəzərdə tutulur.
Tədbirdə Azərbaycan İmplantoloq İctimai Birliyinin sədri, “İmplandent” Klinikasının baş həkimi, tibb üzrə fəlsəfə doktoru Cabbar Həsənov, stomatoloqlardan Rövşən Məmmədov, Yıldırım Özgür, Cavid Əhmədbəyli, Esin Özlek və digərləri “Diş əti xəstəliklərinin qeyri-cərrahi müalicəsi”, “Endodontiyada irriqasiya aktivasiya yöntəmləri”, “İmplantologiyada sadədən mürəkkəbə”, “Kompozit restovrasiyalarda rəng anlayışı” və digər mövzularda çıxışlar edib, dünya praktikasındakı son yeniliklərdən söhbət açıblar.
Sonda elmi müzakirələr aparılıb, suallar cavablandırılıb. Konfransda iştirak edən stomatoloqlara və Naxçıvan Dövlət Universiteti tibb fakültəsinin stomatologiya ixtisası üzrə təhsil alan tələbələrinə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, elmi-praktik konfrans Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin, Azərbaycan İmplantoloq İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.