REGİONLAR


Naxçıvanda hepatit xəstəliyinə qarşı mübarizə tədbirləri gücləndirilir

Naxçıvan, 27 iyul, AZƏRTAC

Hepatit virusları kəskin xroniki xəstəliklər törədərək insanların sağlamlığında ciddi pozuntular yaradır. Lakin bu xəstəliyin qarşısının alınması və müalicəsi barədə maarifləndirməni genişləndirməklə insan həyatını xilas etmək olar. Bu istiqamətdə işlər muxtar respublikada uğurla davam etdirilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublika Xəstəxanasında Beynəlxalq Hepatitlə Mübarizə Gününə həsr olunmuş elmi-praktik konfransda səsləndirilib.

Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkimi Xeyrənsə Babayeva deyib ki, Ümumdünya Səhiyyə Assambleyasının 2010-cu il tarixli qərarına əsasən, iyulun 28-i bütün dünyada Beynəlxalq Hepatitlə Mübarizə Günü kimi qeyd olunur. Bu, hepatit barədə daha geniş məlumatlandırma işinə və bütün dünya ölkələrində yoluxmaya qarşı profilaktik tədbirlərin gücləndirilməsinə xidmət edir.

“Hepatitə yoluxmuş insanların böyük əksəriyyəti bundan xəbərsiz olur, diaqnozu təyin edilmir və müalicəsi aparılmır” – deyən Xeyrənsə Babayeva vurğulayıb ki, yalnız bu xəstəliyin müxtəlif formaları, onların qarşısının alınması və müalicəsi yolları barədə maarifləndirməni genişləndirməklə insan həyatını xilas etmək olar.

Diqqətə çatdırılıb ki, qanla keçən infeksiyaların (QİÇS, HİV, eləcə də hepatit B, C) müayinəsinə muxtar respublikada 2006-cı ildən başlanılıb. Əvvəlki illərdə ancaq donorlar müayinəyə cəlb olunurdu. 2009-cu ildən obliqat qruplar, 2012-ci ildən donorlar, əməliyyat olunanlar və hamilələr, bu gün isə qeyd olunanlarla bərabər, nikaha daxil olanlar və könüllü müraciət edənlər müayinələrə cəlb edilirlər. Hazırda əməliyyat aparılan, doğuş həyata keçirilən əksər dövlət və özəl tibb müəssisələrində hepatit B və C virusunun, eləcə də qanla keçən digər infeksiyaların ilkin olaraq ekspres metodla müayinələri aparılır. Ekspres metodla aşkar olunan xəstələr Yoluxucu Xəstəliklər Mərkəzində əlavə müayinəyə göndərilirlər. Əməliyyat və doğuş aparılan tibb müəssisələrinin hamısında sterilizasiya tədbirləri təlimata uyğun həyata keçirilir. Ərazi gigiyena və epidemiologiya mərkəzləri tərəfindən yoluxma ocağı dəqiqləşdirilir. Xəstələrlə təmasda olanlar müayinələrə cəlb edilir, maarifləndirici tədbirlər aparılır.

Sonra mərkəzin həkimləri Nəzirə Cəmşidli “Hepatit B xəstəliyinin etiopatogenezi, yoluxma yolları və klinikası”, Münəvvər Ələsgərli “Hepatit C xəstəliyinin etiopatogenezi, yoluxma yolları və klinikası”, Əminə Seyidzadə “Hepatit B və C xəstəliklərinin diaqnostikası və müalicəsi” mövzularında çıxış ediblər.

Çıxışlar videosüjet, diaqram, cədvəl və slaydlarla müşayiət olunub, müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.