REGİONLAR
Naxçıvanda keçirilən Beynəlxalq Şahmat Festivalında 6-cı turun oyunları başa çatıb
Naxçıvan, 8 may, AZƏRTAC
Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalında 6-cı turun oyunları başa çatıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “A” qrupunda liderlər cədvəlində qərarlaşan azərbaycanlı qrossmeyster Nicat Abasov (2633) belçikalı qrossmeyster Vadim Malaxatko (2508) ilə, azərbaycanlı qrossmeyster Eltac Səfərli (2624) isə özbəkistanlı beynəlxalq usta Ortik Niqmatovla (2469) üz-üzə gəliblər. İlk görüş heç-heçə başa çatsa da, Eltac turnirdə ilk məğlubiyyəti ilə üzləşib.
ABŞ təmsilçisi qrossmeyster Timur Qarayev (2560) bu turda azərbaycanlı qrossmeyster Fərid Abbasov ilə (2534) qarşılaşıb. Görüş amerikalı şahmatçının qələbəsi ilə başa çatıb.
Ukraynalı qrossmeyster Eldar Qasanovla (2506) azərbaycanlı FIDE ustası Aydın Süleymanlı (2334), azərbaycanlı beynəlxalq usta Misrəddin İsgəndərov ilə (2495) belaruslu qrossmeyster Aleksey Aleksandrovun (2603) görüşləri heç-heçə nəticələnib. Yunanıstanlı qrossmeyster Vasilios Kotronias (2474) ilə azərbaycanlı beynəlxalq usta Vüqar Əsədlinin (2454) görüşü isə Vüqarın qələbəsi ilə başa çatıb.
Bu turda naxçıvanlı zəka sahiblərindən qrossmeyster Urfan Sevdimalıyev (2352) azərbaycanlı beynəlxalq usta Məhəmməd Muradlını (2451), beynəlxalq usta Toğrul Həsənzadə (2323) isə hindistanlı şahmatçı Santanu Bambureni (2261) sınağa çəkib. Hər iki görüş heç-heçə başa çatıb. Beynəlxalq usta Talıb Babayev (2329) isə FIDE ustası Pərviz Qasımova (2328) məğlub olub. FIDE ustası Sadiq Məmmədov (2205) iranlı zəka sahibi Mehdi Orimi Qulami (2406) ilə qarşılaşmada məğlub olub.
Altı turdan sonra “A” qrupunda Ortik Niqmatov və Timur Qarayev 5 xalla liderdirlər.
Altıncı tur “B” qrupunda liderlərin qarşılaşması ilə yadda qalıb. Fariz Əhmədov (1775) Amil Abbasova (2215), Elxan Bayramov (2158) isə Şahin Hüseynova (2189) qalib gələrək liderliyi ələ alıblar. İndi hər iki zəka sahibinin aktivində 5,5 xal var.
Beynəlxalq Şahmat Festivalının “C” qrupunda isə naxçıvanlı zəka sahibi Uğur Həsənlinin (1329) və Niyazi Qafarovun (1342) aktivində 5,5 xal var.