REGİONLAR
Naxçıvanda keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılmasına diqqət yetirilir
Naxçıvan, 4 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 2020-ci ilin ilk altı ayı ərzində 746 halda, o cümlədən qida məhsullarının 716 halda keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması təmin olunub, bu istiqamətdə nöqsan aşkar edilməyib.
Xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublikada ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması istiqamətində təsərrüfat subyektləri ilə 108 halda abonent müqaviləsi bağlanaraq, istehsal olunan məhsulların ixrac edilərək ölkələrə uyğun hazırlanması haqqında məlumatlar müəssisə rəhbərlərinin diqqətinə çatdırılıb. Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən “Naxçıvan məhsulları” mağazalar şəbəkəsinə tələbata uyğun olaraq davamlı qaydada məhsulların göndərilməsi hazırda təmin edilir.
Standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının idxalına, satışına və istismarına yol verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birgə 2020-ci ilin ilk altı ayı ərzində, ümumilikdə, 282 məişət qaz cihazına baxış keçirilib, təhlükəsizliyi təmin olunmayan 54 ədəd məişət qaz cihazının idxalına və satışına icazə verilməyib.
2020-ci ilin ilk altı ayı ərzində 1897,6 manat dəyərində keyfiyyətsiz və ya kontrafakt məhsullar satışdan çıxarılıb və 8 informasiya xarakterli lövhənin istifadəsi qadağan edilib. Həmçinin 1677 istehsal və xidmət obyektində monitorinqlər, 229 qida istehsalı müəssisəsinə maarifləndirmə xarakterli baxış keçirilib, 153 təsərrüfat subyektində aşkar olunmuş çatışmazlıqlar aradan qaldırılıb.