REGİONLAR
Naxçıvanda müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün test imtahanlarına start verilib
Naxçıvan, 15 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 302 vakant vəzifə üzrə müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün 21 iyun 2019-cu il tarixdə elan olunmuş müsabiqənin test imtahanlarına avqustun 14-dən start verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müsabiqəyə ən çox Şərur (75), Ordubad (74), Babək (37) və Şahbuz rayonları (37) üzrə vakant vəzifələr çıxarılıb. Həmin vəzifələrin tutulması üçün 599 namizəd sənəd təqdim edib. Vakant vəzifələr sırasında ən çox müraciət İbtidai sinif müəllimliyi (163), İngilis dili (83), Riyaziyyat (60) və İnformatika (58) ixtisasları üzrə qeydiyyata alınıb.
Müsabiqədə hər bir namizədə, ümumilikdə, 80 olmaqla, ixtisas üzrə 40, tədris metodikası və təlim strategiyalarına aid 25, informasiya və kommunikasiya texnologiyalarına aid 15 test tapşırığı təqdim edilir. Bu tapşırıqların yerinə yetirilməsi üçün namizədlərə 120 dəqiqə vaxt verilir və hər bir düzgün cavab bir balla qiymətləndirilir. Vakant vəzifənin tutulması üçün müraciət etmiş namizədlər arasında keçid balını yığmaqla ən yüksək bal toplamış şəxs müvafiq vəzifəyə təyin olunur. Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və texnologiya müəllimləri üçün test tapşırıqlarının 50 faizini (40 bal), stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 60 faizini (48 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 80 faizini (64 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilirlər.
Qeyd edək ki, obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanların videoçəkilişi də aparılır. Test imtahanı bitdikdən dərhal sonra hər bir namizədə nəticəyə dair arayış təqdim edilir. Həmin nəticələr gündəlik olaraq komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilir. Test imtahanları sentyabrın 4-dək davam edəcək.