REGİONLAR


Naxçıvanda ümumi daxili məhsul istehsalı 10 il ərzində 3,5 dəfə artıb

Naxçıvan, 6 fevral, AZƏRTAC

Muxtar respublikada 2008-ci illə müqayisədə 2018-ci ildə ümumi daxili məhsul istehsalı 3,5, sənaye məhsulu 6, əsas kapitala yönəldilən vəsaitlər 3,3, kənd təsərrüfatı məhsulu 3,1, nəqliyyat sektorunda yük daşınması 1,9, informasiya və rabitə xidmətləri 2,2 və əhaliyə göstərilən ödənişli xidmətlər 3,5 dəfə artıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əhali məşğulluğunun təmin olunması üzrə təkcə 2008-ci ildən 2019-cu il yanvarın 1-dək muxtar respublikada 43 min 717 yeni iş yeri açılıb, bunun da 87,7 faizi daimi iş yerləridir. Həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq məşğul əhalinin sayı 2008-ci ilin sonu ilə müqayisədə 22,8 faiz artaraq 237,4 min nəfərə çatıb. Yüksək əməktutumlu iş yerlərinin yaradılması əhalinin səmərəli məşğulluğunu təmin edib, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı göstəricisi 433 manat olub. 2008-ci ildə bu göstərici 235,2 manat səviyyəsində olub.

Muxtar respublikanın sosial-iqtisadi həyatının bütün sahələrində qazanılan uğurlar əhalinin rifah halını yaxşılaşdırıb, alıcılıq qabiliyyətini yüksəldilib. Bunun nəticəsi olaraq, 2018-ci ildə pərakəndə ticarət şəbəkəsində satılan məhsulların dəyəri 1 milyard 638 milyon manata yaxın olub ki, bu da 2008-ci ildəki göstəricidən 4,2 dəfə çoxdur.

2018-ci ildə istehlak malları üzrə satışın 96,2 faizini pərakəndə ticarət şəbəkələri təşkil edib ki, bunun da 9,8 faizi ticarət təşkilatlarının, 19,4 faizi kənd təsərrüfatı məhsulları bazarlarının, 17,2 faizi ərzaq, qeyri-ərzaq və qarışıq mallar satışı ilə məşğul olan yarmarkaların və 53,6 faizi fiziki şəxslərin payına düşüb. Pərakəndə ticarət şəbəkələrində satılan istehlak mallarının 48,8 faizini ərzaq, 51,2 faizini isə qeyri-ərzaq malları təşkil edib.

Ucuzluğu və keyfiyyəti ilə seçilən yerli məhsulların pərakəndə ticarət şəbəkələrində çoxluğu əhalinin alıcılıq qabiliyyətinin artmasına da müsbət təsir göstərib. 2018-ci ilin sonuna muxtar respublikada 383 növdə məhsul istehsal olunub ki, bunun da 350-si və ya 91,4 faizi tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsinə imkan yaradıb. Yerli istehsalın inkişafı daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında, idxaldan asılılığın azaldılmasında, ən əsası səmərəli məşğulluğun təmin edilməsində mühüm rol oynayır. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” kimi qəbul olunması da yerli istehsalın həcminin artırılmasına şərait yaradacaq, əhalinin alıcılıq qabiliyyətini daha da yüksəldəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.