REGİONLAR
Naxçıvanda yeni torpaq sahələri əkin dövriyyəsinə qatılıb
Naxçıvan, 6 yanvar, AZƏRTAC
Muxtar respublikada yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, mütərəqqi suvarma şəbəkələrinin qurulması və münbitliyin artırılması əkinçiliyin inkişafına əhəmiyyətli təsir göstərib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ötən il aidiyyəti qurumlar tərəfindən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”nın icrası diqqətdə saxlanılıb, Kəngərli rayonunun Böyükdüz kəndində 363 hektar sahədə qapalı suvarma şəbəkəsi tikilib. Şahbuz rayonunun Külüs, Nursu və Mahmudoba kəndlərinin ərazisində 340 hektar sahəni su ilə təmin edən nasos stansiyasının tikintisi başa çatdırılıb.
Ötən dövrdə muxtar respublikanın şəhər və rayonlarında dövlət ehtiyat fondu və qış otlaq sahələri üzrə 8583 hektar əkinəyararsız torpaq sahələri xəritələşdirilib, muxtar respublika ərazisindəki 214 kilometr kanalın və 429 kilometr kollektor-drenaj şəbəkəsinin əhatə etdiyi ərazilərin topoqrafik planları hazırlanıb.