ELM VƏ TƏHSİL
Nazim Maqomedov: Azərbaycanda çoxlu görkəmli elm xadimləri, ziyalı insanlar var
Bakı, 23 may, AZƏRTAC
“Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr” mövzusunda Bakıda keçirilən beynəlxalq elmi konfransa, demək olar ki, bir il hazırlaşmışıq. Bura gəlib bir daha onun şahidi olduq ki, Azərbaycanda çoxlu görkəmli elm xadimləri, ziyalı insanlar var.
Bunu AZƏRTAC-a müsahibəsində konfransın iştirakçısı, Rusiya Elmlər Akademiyası Dağıstan Elm Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, professor Nazim Maqomedov söyləyib.
N.Maqomedov deyib: “Bakıda bizi çox isti qarşıladılar. Azərbaycan ilə əlaqələrimiz gündən-günə inkişaf edir. Mən Azərbaycan-Dağıstan münasibətlərinə həsr olunan ikicildlik kitab hazırlamışam. Xalqlarımız, o cümlədən elm adamlarımız arasında səmimi, sıx dostluq münasibətləri var”.
Dağıstanlı qonaq konfransın təşkilindən məmnunluğunu ifadə edərək bildirib ki, buradakı on fərqli dövlətdən gələn alimlərin məruzələrini dinləyib. Bu konfrans ölkələrarası elmi münasibətlərin inkişafına töhfə verəcək.