SİYASƏT
Nazir Ceyhun Bayramov: Nasizmin qəhrəmanlaşdırılması hər bir halda qəbuledilməzdir
Bakı, 11 may, AZƏRTAC
Nasizmin qəhrəmanlaşdırılması hər bir halda qəbuledilməzdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov mayın 11-də rusiyalı həmkarı Sergey Lavrovla mətbuat konfransında AZƏRTAC-ın müxbirinin sualına cavabında bildirib.
Nazir Ermənistanda ksenofobiya və radikal millətçilik təzahürlərinin müşahidə olunduğunu təəssüflə bildirərək deyib ki, terror aktlarının törədilməsində adı hallanan şəxslərin qəhrəmanlaşdırılması Ermənistanda fəal şəkildə aparılır. Ermənistanda ksenofobiya müxtəlif formalarda özünü göstərir. Çox təəssüf ki, bu ölkədə faşist cəlladı Qaregin Njdeyə abidə ucaldılır, onun adı məktəblərə, küçələrə verilir. Holokost abidələrinin, Mahatma Qandinin heykəlinin təhqir olunması bu problemin Ermənistanda nə qədər ciddi olduğunu sübut edir. İnsanlar Ermənistanda bu halların təhlükəsi barədə düşünməlidirlər.