SİYASƏT


Nazir Daişiro Yamaqiva: Azərbaycan regionda Yaponiya üçün mühüm tərəfdaşdır

Tokio, 25 yanvar, AZƏRTAC

Azərbaycan regionda Yaponiya üçün mühüm tərəfdaşdır.

AZƏRTAC xəbər verir ki, bunu Yaponiya iqtisadiyyatının inkişafı, yeni koronavirus pandemiyası və səhiyyə böhranının idarə edilməsi, sosial müdafiə islahatları naziri, parlamentin Nümayəndələr Palatasının üzvü Daişiro Yamaqiva Azərbaycanın bu ölkədəki səfiri Gürsel İsmayılzadə ilə görüşündə deyib.

Səfiri salamlamaqdan məmnunluğunu bildirən nazir Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyi münasibətilə təbriklərini çatdırıb. Daişiro Yamaqiva əvvəlki illərdə deputat və iki ölkənin parlamentlərarası dostluq liqasının üzvü kimi Azərbaycana səfərlərini, ölkəmizdə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.

G.İsmayılzadə öz növbəsində görüşə və təbrikə görə minnətdarlığını bildirib, D.Yamaqivanı nazir təyin edilməsi, o cümlədən ötən ilin noyabrında parlamentin Nümayəndələr Palatasına seçkilərdə yenidən qalib gələrək bir daha deputat seçilməsi münasibətilə təbrik edib. Ötən ilin payızında 44 günlük Vətən müharibəsində böyük Zəfər barədə yapon nazirə ətraflı məlumat verən G.İsmayılzadə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini və keçmiş Qarabağ münaqişəsinin birdəfəlik həll olunduğunu bildirib. İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa və quruculuq işlərinin aparıldığını vurğulayan səfir Yaponiya şirkətlərini bu işdə yaxından iştirak etməyə dəvət edib.

Nazir D.Yamaqiva Azərbaycanın Yaponiya üçün regionda mühüm tərəfdaş olduğunu bildirib. Azərbaycanın yerləşdiyi regionda sülhün bərqarar olmasından məmnunluğunu ifadə edərək, bundan sonra regionun daha da inkişaf edəcəyinə ümidvar olduğunu qeyd edib.

Sonra ikitərəfli münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. G.İsmayılzadə Azərbaycan – Yaponiya ikitərəfli münasibətlərinin inkişaf səviyyəsindən ölkəmizin məmnunluğunu ifadə edərək, siyasi əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. İki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq məsələlərinə toxunub, bu sahədə yüksək potensialın mövcud olduğunu bildirib.

D.Yamagiva Yaponiya şirkətlərinin Azərbaycanla enerji sahəsində əməkdaşlığının əhəmiyyətini vurğulayıb, iqtisadiyyatın digər sahələri üzrə əlaqələrin inkişafının zəruriliyini bildirib. 2022-ci ildə Azərbaycanla Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağını xatırladaraq, bununla bağlı müxtəlif tədbirlərin təşkil ediləcəyini deyib. Yaponiyanın Azərbaycan ilə münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu söyləyən nazir ikitərəfli münasibətlərin inkişafına daim dəstək verməyə hazır olduğunu bildirib.

Görüşdə Yaponiya xarici işlər nazirinin köməkçisinin müavini, Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi, səfir Şuiçi Tokuda da iştirak edib.

Qeyd edək ki, Yaponiyanın hakim partiyası LDP-nin üzvü olan D.Yamaqiva 2003-cü ildən etibarən 6 dəfə parlamentin Nümayəndələr Palatasına üzv seçilib. D.Yamagiva Nazirlər Kabineti aparatının parlament katibi və Nazirlər Kabineti komitəsinin üzvü kimi fəaliyyət göstərib. Eyni zamanda, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq liqasının üzvüdür və iki dəfə - 2006-cı və 2017-ci illərdə Azərbaycana səfər edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.