REGİONLAR
Nazir: İlin sonunadək 14 aqropark istifadəyə veriləcək
Bakı, 10 iyul, AZƏRTAC
İqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sektorun innovativ inkişafını təmin etmək məqsədilə 30 rayon üzrə 192 min hektar ərazidə ümumi dəyəri 1 milyard manatdan çox olan 45 aqroparkın yaradılması üzrə işlər sürətlə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Nazir aqroparklarda zəruri infrastrukturun yaradılmasına 207 milyon manat dövlət əsaslı vəsait qoyulduğunu, 111 milyon manat dövlət güzəştli krediti və dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verildiyini diqqətə çatdırıb.
Bildirib ki, aqroparklardan dördündə birinci mərhələ üzrə işlər başa çatdırılıb, ilin sonunadək 14 aqropark istifadəyə veriləcək, digərlərində işlər davam edir. Artıq fəaliyyət göstərən aqropark və iri fermer təsərrüfatlarında 50 min hektardan artıq ərazidə müasir suvarma sistemlərinin tətbiqi nəticəsində buğda, arpa, dənlik qarğıdalı və digər kənd təsərrüfatı bitkiləri üzrə hər hektardan əldə edilmiş orta məhsuldarlıq ölkə üzrə müvafiq göstəricilərdən 2 dəfəyədək çoxdur.