İQTİSADİYYAT
Nazir: İranla Azərbaycanın enerji sahəsində də əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir
Tehran, 25 oktyabr, AZƏRTAC
İran ilə Azərbaycanın enerji sahəsində də əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Enerji naziri Rza Ardakian deyib. O bildirib ki, hazırda iki qonşu ölkə arasında təbii qaz və elektrik enerjisi mübadiləsi həyata keçirilir. Bununla yanaşı, Araz çayı üzərində birgə inşa edilən su elektrik stansiyasının tikintisi davam etdirilir.
Nazir deyib ki, hazırda Astara şəhərində 500 meqavat gücündə elektrik stansiyası tikilir. Azərbaycanın bu stansiyanın tikintisinə sərmayə yatırması məsələsi müzakirə edilir. Stansiya istismara verildikdən sonra həm İranın, həm də Azərbaycanın sərhəd bölgələri dayanıqlı elektrik enerjisi ilə təmin olacaq.
R.Ardakian qeyd edib ki, sərhədyanı bölgənin enerji ilə təminatı əhalinin enerji tələbatını ödəməklə yanaşı, istehsal və emal müəssisələrinin yaranmasına və bölgənin iqtisadiyyatının inkişafına səbəb olacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran