DÜNYA


Nazir: Rusiya və Səudiyyə Ərəbistanı nefti İran neftinə alternativ ola bilməz

Bakı, 23 oktyabr, AZƏRTAC

Rusiya və Səudiyyə Ərəbistanı İran neftini əvəz edə bilməyəcək və ABŞ Prezidenti Donald Tramp sanksiya tətbiq etməkdən imtina etməlidir.

AZƏRTAC “Shana” agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın neft naziri Bijən Namidar Zəncənə deyib.

Nazir bildirib ki, Rusiya və Səudiyyə Ərəbistanı neftinin İran neftinə alternativ ola bilməyəcək: “Səudiyyə Ərəbistanı və Rusiyanın neft istehsalı öz tarixlərində ən yüksək səviyyəyə çatıb. Bu iki ölkənin daha çox neft çıxarması və İranın yerinə keçmə potensialı yoxdur”.

“Səudiyyə Ərəbistanı özü üçün yığdığı neft həcmləri ilə birgə istehsalı qısa müddətdə gündəlik 500 min barrel daha artıra biləcək. OPEC-ə üzv ölkələrin isə hasilatı sutkada yalnız 105 min barrel artırmaq gücü var. Rusiyanın nefti hasilatı isə sentyabrda əvvəlki aya görə gündəlik 388 min barrel artıb və bu ən yüksək səviyyədir. Rusiya qısa müddətdə əlavə investisiya dəstəyi almadan öz imkanları ilə yalnız bu qədər neft istehsal edə biləcək. Rusiya və Səudiyyə Ərəbistanının İranın yerini ala bilməməsi neft bazarını ciddi şəkildə narahat edir, qiymət də buna görə artır. Avqustda 67-77 dollar/barrel ətrafında olan neftin bir barrelinin qiyməti oktyabr ayında 84 dollara çatıb. Qiymətin yüksəlməsi isə istehsalı buna bağlı olan ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir. Bazarlar da İrana alternativ tapa bilməz. Buna görə də, D.Trampa İran neftinə sanksiya tətbiq etməkdən imtina etməsini təklif edirik”, - deyə o əlavə edib.

Xatırladaq ki, dünən ABŞ-ın maliyyə naziri Stiven Mnuçin noyabrda İranın neft ixracının tamamilə dayanacağını gözləmədiklərini, lakin gec-tez ixracın sıfıra enəcəyini bildirib.

Qeyd edək ki, ABŞ noyabrın 4-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.