İQTİSADİYYAT


Nazir: “Technest” gənc nəslin uğurlu gələcəyinə yatırılan əhəmiyyətli sərmayədir

Bakı, 7 dekabr, AZƏRTAC

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi “Technest” Təqaüd Proqramı çərçivəsində veb-proqramlaşdırma üzrə Sabirabad şəhərində təhsil almış gənclər üçün Məzun günü keçirilib və 10 məzuna sertifikatlar təqdim edilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yeddi ay davam etmiş kurs nəticəsində iştirakçılar veb-dizayn, məzmunun inkişafı, şəbəkə təhlükəsizliyi konfiqurasiyası və digər sahələrə dair peşəkar bilik və bacarıqlar əldə ediblər.

Şirvan şəhərində təşkil olunmuş Məzun günündə iştirak edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, agentlik respublikada yüksəkixtisaslı İKT mütəxəssislərinin hazırlanmasına dəstək göstərməklə cəmiyyətin inkişafına önəmli fayda verməkdədir. “Technest” Təqaüd Proqramının builki nəticələrinə əsasən məzunların 90 faizi artıq tanınmış şirkətlərdə işlə təmin olunub. Regionlarda gənclərin İKT üzrə ixtisaslaşması bölgələrdə insan kapitalının formalaşmasına mühüm töhfə vermiş olacaq.

“İnanırıq ki, “Technest” Azərbaycanda gənc nəslin uğurlu gələcəyinə yatırılan əhəmiyyətli sərmayədir”, – deyə Rəşad Nəbiyev vurğulayıb.

Qeyd edək ki, “Technest” Təqaüd Proqramı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə 2021-ci ilin oktyabr ayından etibarən start götürüb. Proqramın məqsədi informasiya texnologiyaları üzrə milli kadrların yetişdirilməsini sürətləndirmək, bu sahədə mövcud boşluqları aradan qaldırmaq və ölkədə rəqəmsal inkişafa töhfə verməkdir. Agentlik bu istiqamətdə 12 təlim mərkəzi ilə yaxından əməkdaşlıq edir. Proqram çərçivəsində tələbələr bulud həlləri, bulud inzibatçılığı, böyük verilənlər bazası, kibertəhlükəsizlik, avtomatika, elektronika, müxtəlif proqramlaşdırma dilləri, “UX/UI” dizayn kimi müxtəlif istiqamətlər üzrə təhsil alır.

2021-2022-ci illərdə təqaüd qazanmış tələbələrin və cari məzunların ümumi sayı 618 nəfər təşkil edir. 2022-2023-cü tədris ili ərzində 3 minə yaxın yeni təqaüdün verilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.